Vətənim Media xəbər verir ki, COP31 çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının tərəfdaşlığı ilə Xəzər bölgəsində iqlim, təbiət və insanlara həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva dənizin səviyyəsinin azalmasının nərə balıqları və Xəzər suitiləri kimi nadir növləri təhlükə altına qoyduğunu bildirib. O, problemin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Leyla Əliyeva IDEA-nın Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq üçün ekspedisiyalar təşkil etdiyini, balıq ehtiyatlarının bərpası məqsədilə su hövzələrinə müxtəlif növ balıq körpələri buraxıldığını deyib. Onun sözlərinə görə, 2011-ci ildən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllü qatılıb, 120 tondan çox tullantı toplanaraq təkrar emala yönəldilib.
Tədbirdə Xəzərdə su səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması və regional əməkdaşlıq müzakirə olunub. İştirakçılara IDEA-nın Xəzərin ekoloji vəziyyətinə dair qısametrajlı sənədli filmi də təqdim edilib.
Əsas mənbə: APA
