Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamadək gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-in Mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, həmin müddətdə Bakıda və Abşeron yarımadasında da güclü külək, intensiv yağış və şimşək gözlənilir. Bəzi dağ çaylarında qısamüddətli sel və daşqın ola bilər.
Nazirlik güclü külək zamanı müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edib. Kiçikhəcmli gəmilərin istifadəçilərinə dənizə çıxmağın qadağan olduğu xatırladılıb. Yağıntı zamanı çaylardan və subasma təhlükəsi olan ərazilərdən uzaqlaşmaq, ildırım çaxarkən isə elektrik cihazlarını şəbəkədən ayırmaq tövsiyə olunur. Təhlükə zamanı 112-yə zəng etmək lazımdır.
Əsas mənbə: APA
