Vətənim Media xəbər verir ki, noyabrın 14-də Fransada qiymət artımına və polis zorakılığına qarşı keçirilən etirazlar zamanı 121 nəfər saxlanılıb. BFMTV-nin Fransa Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, rəqəm yerli vaxtla saat 17:00-a olan vəziyyəti əks etdirir.
Nazirliyin hesablamasına əsasən, aksiyalara ölkə üzrə 106 min nəfər, o cümlədən Parisdə 24 min nəfər qatılıb. Tələbə və məktəbli birlikləri isə iştirakçıların sayını ölkə üzrə 200 min, paytaxtda 100 min nəfər göstərib.
Paris Polis Prefekturasının əvvəlki məlumatında paytaxtda 22 nəfərin saxlanıldığı bildirilmişdi; onların üçü yeniyetmə olub. Parisdə və Nantda etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb. Polis gözyaşardıcı qaz və səs qumbaralarından, Nantda isə su şırnaqlarından istifadə edib.
Əsas mənbə: APA
