Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qafar Əli oğlu Herisçi — həyatı və yaradıcılığı.
Qafar Əli oğlu Herisçi 1923-cü ildə Təbriz şəhərində doğulub. Özünə "Kəndli" təxəllüsü götürüb. Azərbaycan Demokrat Firqəsinə üzv olub və "21 Azər" hərəkatında fədai kimi iştirak edib.1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub və həmin dövrdə mətbuatda məqalələri ilə çıxış edib.1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqqında qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri, eləcə də mülki geyimli jandarmlar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdı.
Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi.1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.
Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Bu qırğınlar zamanı ADF üzvləri, fədailər, eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Qafar Kəndli Azərbaycan SSR-yə mühacirət edib. ADF Mərkəzi İcraiyyə Heyətinin üzvü olub. Daha sonra isə bu vəzifədən istefa verib.
Bakı Ali Partiya Məktəbinə daxil olub və oranı 1949-cu ildə bitirib.1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə "1941–1946-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.1957–1962-ci illərdə Xaqani Şirvaninin "Töhfətül-İraqeyn" əsərinin elmi-tənqidi mətnini çapa hazırlayıb.1962-ci ildən 1967-ci ilə qədər "Xaqani Şirvani (həyatı, dövrü və mühiti)" mövzusunda doktorluq dissertasiyası üzərində işləyib.1972-ci ildə bu elmi işi müdafiə edərək professor adına layiq görülüb.1968–1972-ci illərdə "Sadıq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda monoqrafiya yazıb. 1973–1980-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi ümumilikdə 27 elmi məqalə yazıb.1984-cü ildə Nəsirəddin Tusinin "Tənsuqnameyi-elxani" (Cavahirnamə) əsərini, 1987-ci ildə isə İsmayıl Şəms ilə birgə Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərini Azərbaycan dilinə tərcümə edib.1980-ci ildən 1997-ci ilədək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
1997-ci ildə "Xaqani Şirvani" (həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap edilib. Tanınmış yazar, publisist və televiziya aparıcısı Həmid Herisçinin atası olan Qafar Kəndli 1997-ci il iyulun 11-də dünyasının dəyişib və iyulun 12-də Bakıda dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
