Vətənim Media xəbər verir ki, noyabrın 22-də Bakı və Naxçıvanda xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan kompüter vasitəsilə elektron formada aparılıb. İmtahanda doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş iddiaçılar iştirak ediblər.
İmtahan dinləyib-anlama, oxuyub-anlama, leksik-qrammatik tapşırıqlar və yazı bloklarından ibarət olub. Danışıq bloku noyabrın 26-da keçiriləcək. Noyabrın 22-dəki imtahanda iştirak etməyənlər danışıq blokuna buraxılmayacaq; bu blokda iştirak etməyənlər ilk dörd blokdan 30 və ya daha çox bal toplasalar da, şəhadətnamə ala bilməyəcəklər.
Maksimum nəticə 50 baldır. Xarici dil imtahanında keçid üçün ən azı 30 bal və hər blok üzrə mümkün balın minimum 20 faizi tələb olunur. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanının keçid balı 25-dir. Yekun nəticələr danışıq imtahanından iki həftə sonra açıqlanacaq.
Əsas mənbə: APA
