Vətənim Media xəbər verir ki, Bakıda Albaniyanın Milli Günü münasibətilə keçirilən tədbirdə səfir Besart Kadia Azərbaycanla münasibətlərin etimad və qarşılıqlı hörmətə əsaslandığını bildirib. O, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı, eləcə də Cənubi Qafqazda davamlı sülh istiqamətində atılan addımları alqışlayıb.
Səfir Albaniyanın Orta Dəhlizi Durres limanı ilə əlaqələndirmək, iki ölkənin biznes dairələri arasında kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində əməkdaşlığı genişləndirmək istədiyini deyib. Kadia Ələt Azad İqtisadi Zonasında alban şirkətlərinin fəaliyyət göstərməsini və Hava Xidmətləri haqqında Sazişin imzalanmasını arzulayıb. Onun sözlərinə görə, Bakı ilə Tirana arasında birbaşa uçuş əlaqələri ölkələri yaxınlaşdıra bilər.
Energetika nazirinin müavini Kamal Abbasov TAP çərçivəsində əməkdaşlığı və Korça şəhərinin təbii qazla təchizatı layihəsini enerji tərəfdaşlığının mühüm istiqamətləri kimi qeyd edib. O, 2024-cü ildə Bakıda ilk iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın ticarət, investisiya, nəqliyyat və yaşıl enerji sahələrində əməkdaşlığı genişləndirmək üçün imkan yaratdığını bildirib.
Əsas mənbə: APA
