14:03
Ərdoğan Minskdə Lukaşenko ilə görüşdü.
Minskin Milli Hava Limanında onu Belarusun baş naziri Andrey Kobyakov qarşılayıb.
Minskin Müstəqillik Sarayında Türkiyə prezidentininin qarşılanma mərasimi keçirilib. Onu belaruslu həmkarı Aleksandr Lukaşenko qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səslənib.
Mərasimdən sonra prezidentlərin təkbətək görüşü olacaq. Onlar iki ölkə arasında əməkdaşlığın inkişafına dair məsələləri ətraflı müzakirə edəcəklər.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanla Aleksandr Lukaşenko Türkiyə-Belarus biznes forumuna qatılacaqlar.
Bundan başqa, dövlət başçılarının iştirakı ilə Minskdə məscidin təntənəli açılışı olacaq. Qeyd edək ki, 1890-cı ildə həmin yerdə tikilən məscidi 1962-ci ildə dağıdıblar. 2014-cü ildə məscidin inşasına başlanılıb.
Hazırda Belarusda 100 minə yaxın müsəlman yaşayır.
———-
11:38
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edib.
Dövlət başçısını bu səfərdə baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybekçi, gömrük və ticarət naziri Bülənt Tüfəngçi müşayiət edirlər.
Paytaxt Minskdə R.T.Ərdoğan və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçiriləcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Türkiyə prezidenti səfər çərçivəsində Türkiyə-Belarus biznes forumunda çıxış edəcək, eləcə də Minsk məscidinin açılışında iştirak edəcək.
