Tarixin yaddaşı: “Biz Azərbaycana borcluyuq”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Reportyor.az  worldmedia.az-a istinadən “El Periodico”nun yazarı Akilinio Matanın məqaləsini təqdim edir:

1936-cı ildə İspaniya Resbublikası hökuməti SSRİ ilə hərbi pilotların hazırlanmasına dair razılıq əldə etmişdi. Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində hərbi pilotlar üçün 20 nömrəli məktəb yaradılmışdı. İspaniya Respublikası aviasiyasının əksəriyyətini təşkil edən 900 nəfərədək gənc könüllü məhz həmin məktəbdə 4 müxtəlif mərhələdə təyyarəçi kimi hazırlanmışdı.

Müharibədən və müharibəsonrası repressiyalardan sağ çıxmış pilotlarımızın, demək olar ki, hamısı Azərbaycanda yüksək texniki hazırlığa yiyələnməklə bərabər, Azərbaycan xalqından qayğı və humanist münasibət gördüklərini deyirdilər. İspaniyadakı hərbi vəziyyət üzündən hazırlıq kursları çox intensiv olsa da (kurslar 6-7 aydan çox çəkmirdi), həyatlarının bu mərhələsi onların yaddaşında əbədi iz qoymuşdu.

Kirovabada ilk ekspedisiyanın gəlişinin 80 illiyi münasibətilə Azərbaycan hökuməti bir sıra sponsorların dəstəyilə həmin pilotların övladları və qohumlarını valideynlərinin tədris aldığı yerləri görməyə dəvət etmişdi. Bu səfər zamanı yaranan təəssürat və hisslər bizə imkan verdi ki, valideynlərimizin Kirovabad pilot məktəbində təhsil aldıqları dövrlə bağlı niyə bu qədər coşqu ilə danışdıqlarını anlayaq. Belə münasibəti, diqqəti unutmaq həqiqətən də çətindir.

İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlı qəhrəmanların Bakıdakı xüsusi məzarlığında Manuel Zarazua Klaveronun da məzarı var.

Gəncədəki məzarlıq isə xüsusilə təsirli oldu. Burada həmin kurslar zamanı baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olmuş 9 kursantın və 11 instruktorun qəbri var. Bu cür yaxşı qorunub saxlanan yerlər çox deyil. Hazırki sakinlər burada dəfn olunmuş şəxsləri tanımasalar da, məzarlar tarixin bir hissəsi, azadlıq uğrunda mübarizənin xatirəsi kimi qorunur, hər il yad edilir, məzarlığa əklil qoyulur.

Bu arada bizim üçün təşkil olunmuş qarşılanma mərasiminin təntənəsini sözlə, yazı ilə ifadə etmək mümkün deyil.

Vaxtilə gənc pilotlarımızın təhsil aldığı məktəb indi gimnaziyaya çevrilib. Orada xüsusi muzey otağı da yaradılıb. Bu otaqda “İspaniya – əbədi dostlarımız” şüarı altında müxtəlif fotolar, suvenirlər, modellər, Pikassonun reproduksiyaları sərgilənir.

Tarixi yaddaşın tədqiqi nə dərəcədə fərqli imiş və biz hələ nələr öyrənməliyikmiş…

İspaniyada, Kataloniyada bürokratlarla və ya ictimai fəallarla dolu komitələr, ictimai təşkilatlar var. Onlar uzun-uzadı mənasız sözlər danışmaqla, tariximizə az da olsa, hörmətlə yanaşılmasına nail ola bilmir. Amma bizdən çox uzaqda və demək olar ki, tanınmadığımız yerdə tariximizə daha hörmətlə yanaşılır.

Azərbaycan hökuməti və xalqına bizim tariximizi qoruduqları üçün hörmət və minnətdarlığımızı ifadə etməklə yanaşı, öz tariximizi yadda saxlaya bilməməmizin üz qızardan, utandırıcı olduğunu da etiraf etməliyik.

Onu da qeyd edək ki, Azərbaycan hərbi təcavüzə məruz qalıb, nəticədə ərazisinin 20%-i işğal edilib, həmin ərazilərdə etnik təmizləmə aparılıb (deyəsən, dünya bunu görmək istəmir), minlərlə insan həyatını itirib, 250 minədən artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Biz Azərbaycana borcluyuq və biz vicdanımızı oyatmalıyıq. Hanı ispan cəmiyyətinin onlara minnətdarlığı?! İstər bizim yaşadığımız münaqişələr haqda susmaq, istər bu gün Azərbaycan xalqının çəkdiyi zülm haqqında danışmamaq bizi məsuliyyətdən azad etmir. Bu susqunluq bizi şəxsiyyət olaraq, cəmiyyət olaraq, ölkə olaraq alçaldır!

Vətənim Media Shorts

YouTube-da aç ↗