Bir neçə gün əvvəl günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumat yayılıb.
Bəlli olub ki, əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev növbəti “plan”ını həyata keçirməyə cəhd edərkən Xırdalan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Bakının bir neçə ərazisində sürücüləri şərləyən Z.Abıyevin əvvəllər məhkumluq həyatı yaşadığı da məlum olub. O, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyini bildirib.

Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan “Şamaxinka”ya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşarkən avtomobillərdən birinin videoregistratorunda qeydə alınıb.

“Onlar iki nəfərdirlər. Tutulan onlardan biridir. Özü də bu, arıqdır. Digəri isə nisbətən kökdür. Hər ikisi tülkü kimi tindən çıxır, özlərini arxadan avtomobilə çırpır. Sonra da deyirlər ki, ayağımızın üstündən keçdin. Amma o biri hələ tutulmayıb. Əgər tuturlarsa, hər ikisini tutsunlar ki, sümük olub yollarda camaatın boğazına keçməsinlər. Özü də deyəsən, ikisi də yerlidirlər. Çünki ləhcələri oxşardır”.

