Martın 9-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, hərracda və hərraca qədər banklararası valyuta bazarında bağlanmış əqdlər üzrə orta çəkili məzənnə 1,7437 səviyyəsində formalaşıb.
Xatırladaq ki, hərraca qədər dolların manara nisbətdə məzənnəsi 1,7563 səviyyəsində olub. Bu isə 0,72% azalma deməkdir.

Dolların yenidən ucuzlaşmasının səbəbi nədir? Bayram ərəfəsində dolların məzənnəsi yenidənmi artacaq? Bəzi ekspertlər tam üzən məzənnəyə keçdikdə dolların real məzənnəsinin 3 manata qədər bahalaşacağını deyirdilər, amma bu baş vermədi. Manata inzibati müdaxilə hələ də davam edirmi?
Turkustan.info bildirir ki, Bu sualları A24.Az-a iqtisadçı ekspertlər Oqtay Haqverdiyev və Natiq Cəfərli şərh ediblər.
İqtisadçı Oqtay Haqverdiyev redaksiyamıza açıqlamasında, manata inzibati müdaxilə olunduğu halda proqnoz verməyin çətin olduğunu vurğuladı:

“Nə qədər ki, ölkədə manata inzibati təsir var (yəni idarə olunur), əvvəlcədən bir proqnoz vermək çətindir. Öz əllərindədir. İstəyəndə dəyişirlər. Bir ölkədəki valyuta məzənnəsi tənzimlənirsə, onun heç bir iqtisadi əsası yoxdur. Məzənnə əgər tənzimlənirsə, onun müəyyən bir məqsədi var.
Misal üçün infilyasiyanın qarşısını almaq, bank sistemini qorumaq və sair, bu ona yönəldilmiş bir addım ola bilər. Ancaq bizdə belə də deyil axı. İqtisadiyyatımızda yaşanan ən pis durum tam üzən məzənnəyə keçildiyini deyib, sonradan ona əməl etməməkdir. Əksinə, manatı daha da gücləndirirlər. Hazırkı prosesin ən pis tərəfi bax budur. Əgər Mərkəzi Bank hesab edirsə ki, manatı tənzimləmək lazımdır, burda heç bir iqtisadi əsas olmur.
Bu, bilirsiz nəyə bənzəyir? Bu gün mənim xoşum gəlir, belə olsun, sabah xoşum gələcək, belə olacaq. Onlar cəhd edirlər, alınmır. Bir növ çapalayırlar ki, yerlərində (“kreslo”larında) qalsınlar. Həm də bank sistemini qorumağa çalşırlar. Vəziyyəti çox yaxşı başa düşürlər. Ancaq hərə öz marağını güdür. İqtisadiyyat qalıb bir tərəfə, maliyyə, bank sistemi özü ilə hansısa oyunlar oynayır.
İqtisadçı deyir ki, bank sisteminin əsas funksiyası iqtisadiyyatı işlətməkdir. Yəni kredit verməkdir, mümkün dərəcədə faizləri aşağı salmaq və s.
“Bu proseslərin əsası odur ki, iqtisadiyyat işləsin. İqtisadiyyat işləyəndə bir çox problemlər həll olunur. O cümlədən də bank və maliyyə sistemində olan problemlər də həll olunur. Belə vəziyyətin yaranmasının əsas səbəbi düşünülmüş pul kredit siyasətinin aparılmaması ilə bağldır. Özləri özləri üçün nəyisə düşünürlər, amma əsas prinsipial məsələlərin həllinə yönələn iş görmürlər. Özləri daxildə bir birilə (Maliyyə Nazirliyi ilə Mərkəzi Bank) danışırlar. Aradakı danışıqlarda pul gedir. Yeni nano, rəqəmsal, robot və.s texnologiyalar onları maraqlandırmır.
Söhbət düşəndə deyirlər ki, ay qeyri neft sektorunu belə inkişaf etdirmək olar, ay nə bilim bu cür etmək olar. Necə olsun axı? Sən köməklik etməyəndən sonra bunlar necə həyata keçirilə bilər?”.

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında, Mərkəzi Bankın bir aydan çoxdur ki, dövriyyədə olan manat kütləsinin toplamaqla məşğul olduğunu bildirdi:
“Yəni manat dövriyyəsinin azaldılması ilə məşğuldur. Keçən ilin müvafiq dövrünə nisbətən manat dövriyyədə iki dəfədən çox azalıb. Bunun da səbəbini Mərkəzi Bank anlayır. Bilir ki, dövriyyədə nə qədər çox manat olacaqsa, həmin manatların dövriyyədən valyuta alınmasına yönəlməsi ehtimalı çox yüksəkdir. Çünki ölkədə iqtisadi aktivlik zəifləyib və əsas yatırım kimi valyuta rol oynayır. Ona görə də bunun qarşısını almağa çalışırlar.
Həm hərraclar, həm uçot dərəcəsinin artırılması, həm də kredit faizlərinin artırılması yolu ilə manatı dövriyyədən toplayırlar. İlkin addım kimi bunu etmək mümkün və lazım idi. Amma bunun orta və uzun müddətdə ölkə iqtisadiyyatına çox böyük fəsadları, ağrıları olacaq. Çünki manat kütləsinin azalması ölkədə onsuz da zəif olan iqtisadi aktivliyi daha da sarsıdır. Nə banklar kredit verə bilir, nə böyük layihələr həyata keçirilir. İnsanların gəlirliyi aşağı düşüb, bu da alıcılıq qabiliyyətinə ciddi təsir göstərir.

Həmçinin ticarət dövriyyəsinə çox böyük zərər vururlur. Bu cür davam etsə, bir müddətdən sonra Mərkəzi Bank və hökumət də anlayacaq ki, tək bu alətdən istifadə etməklə manatın məzənnəsini sabit saxlamaq həm mümkün deyil (uzun müddət mümkün də olmayacaq), həm də iqtisadiyyat üçün zərərlidir. Bir müddət sonra manat kütləsi artdıqca, əslində dollara qaçışlar daha çox olacaq və bu da manatın məzənnəsinin daha da kəskin şəkildə aşağı düşməsi ilə nəticələnə bilər.
Bu, birbaşa bir-biriləri ilə bağlı məsələlərdir. Martın 9-da keçirilən valyuta hərracı isə bir daha sübut etdi ki, Azərbaycanda üzən məzənnə rejimi yoxdur. Məzənnə inzibatidir. Çünki dünyada 2 gündür neftin qiymətləri 10%-ə yaxın ucuzlaşıb. Bu gün həm rus rublu, həm türk lirəsi, həm qazaxıstan təngəsi dollar qarşısında ciddi şəkildə dəyər itirir. Həm dünyada dolların bahalaşması prosesinin sürəti artıb. Çünki FED toplantısı yaxınlaşdıqca, faizin artırılması ehtimalı yüksəlir. Bu səbəbdən də günü-gündən dünyada dollar daha sürətlə bahalaşır. Bu prosesin tamamilə əksi, heç bir iqtisadi səbəb olmadan martın 9-u valyuta hərracında dollar azacıq da olsa ucuzlaşdı. Belə addımlar iqtisadiyyata, manata olan inamı daha da sarsıdır. Tez-tez belə “oynama”lar olduqda həm yatırımcı, həm xarici şirkətlər, həm də daxili insevtorlar üçün bir qeyri stabillik yaranır. Və bu qeyri stabillik də əslində çox ciddi ziyan vurur”.

Natiq Cəfərli onu da qeyd edib ki, yaxın gələcəkdə dollarla bağlı dünyada və Azərbaycanda baş verəcək gözləntilər var. Onun sözlərinə görə, FED-in toplantısında (martın 15-i Bakı vaxtı ilə gecə saat 11-də) çox böyük ehtimalla faiz artırılacaq. Artıq bu ehtimal 92%-dir. Uçot dərəcəsinin artımı dolların da sürətlə bahalaşmasına səbəb olacaq. Və bu da təbii ki, Azərbaycan manatına da təsirsiz ötüşməyəcək. İkinci məsələ neftin qiyməti ilə bağlıdır. ABŞ-da hasilat kəskin şəkildə artır. Neft ehtiyatlarını artırırlar. OPEC-in atdığı addımlar artıq effekt vermir. Son günlər neftin kəskin ucuzlaşmasını görürük. Bu prosesin davamlı olması ehtimalı çox yüksəkdir. Bu da Azərbaycanın gəlirlərini azaldır. Valyuta gəlirləri azaldıqca manata basqı daha da artır.

Azərbaycanın daxili məsələlərinə toxunan iqtisadçı, valyuta daxilolmalarının azalmasının bir müddət sonra manata olan basqıların artması ilə nəticələnəcəyini bildirdi:
“Bayram günlərinin gəldiyini nəzərə alsaq, bu da dollara olan tələbi artıran faktorlardan biridir. Bayramla əlaqədar 9 günlük qeyri iş günləri var. Azərbaycanlıların bir hissəsi ənənəvi olaraq bayram günlərində yaxın ölkələrə səfər etməyi xoşlayırlar. Ölkədən gedən şəxslərin də sayı artdıqca, dollara olan tələbat da artacaq. Bütün bu parametləri üst-üstə toplasaq, yaxın gələcəkdə manatla bağlı optimist bir söz demək təəssüf ki mümkün deyil. Əksinə, manatın dəyərdən düşməsi prosesinin sürəti arta bilər”.
