Kamil Həmidov
Psixoloq
Dalbadal intihar xəbərləri gəlir. Qarşısını almaq üçün görəsən hansısa addımlar atılırmı? Bəlkə bu addımlar barədə təkliflərimizi səsləndirək yuxarıdakılar da dinləsinlər:
A) Boşanmaların sayının azaldılması barədə real işlərə ehtiyac var. Məhkəmələrə gedirsən yazıq icraçılar yalnız 2 kateqoriyadan olan sənədlərin içində itib batırlar: kreditlər və boşanmalar. Məncə məhkəmə boşanma ərizələrni dərhal icra etməməlidir, çütlüklərə bir neçə ay vaxt verməli və onların mütləq ya psixoloji konsultasiyadan, ya da psixoterapiyadan keçmələrini tələb etməlidir.
B) Təbii şəraitdə vəfat edənlərin ailələrini hökumət dəfn müavinəti ilə yanaşı həm də psixoji xidmət ilə təmin etməlidir. Və son zamanlar hökumət nümayəndələrinin millətin təbii psixoterapiyası olan – əsrlərin süzgəcindən keçən yas mərasimlərinə (üç, cüm axşamları, qırx, il ) olan qadağaları, neqativ münasibəti aradan qalxmalıdır. Onlara təkcə yeyib içmək kontekstində baxmaq və sosial ədaletsizliyin nümayiş yeri kimi nəzərdən keçirmək düzgün deyil. İnsanlar vəfat edənin yaxınları ilə nə qədər çox təmasda olmaq imkanına malik olurlarsa bir o qədər kədər azalır, üzüntü dərinləşərək fəsadlar törətmir.
C) Tərbiyəni yenidən orta təhsilə qaytarmaq: yalnız tərbiyə prosesində həyat bağları olan mənəvi keyfiyyətlərin, sərvət dəyərlərinin formalaşmasının esası qoyulur. Repetitorluq geniş yayıldıqca uşaq daha çox orta məktəbin 2-ci funksiyasina – bilgi yığmağa köklənir. Məqsəd testdən yüksək bal toplayıb ali məktəbə daxil olmaq olur . Təəssüf ki, son dövrlərdə “ballanıb” tələbə adını qazananların şəxsiyyətinin inkisaf səviyyəsi sual altındadır.
