Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qeyd olunub.
Toplantıda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi.
R.Əliyeva bütün ölkədə olduğu kimi, Lənkəranda da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçıları Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” sənədli filmə baxıblar.
