“Prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanda azad iqtisadi zonaların yaradılması işini sürətləndirəcək. Azad iqtisadi zonaların (AİZ) yaradılması ixracyönümlü məhsulların istehsalı prosesi sürətlənəcək, ölkənin ixrac potensialını artıracaq, həmçinin ölkəyə xarici valyuta axınında, ümumilikdə isə Azərbaycanın iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayacaq”.
Bunu açıqlamasında Prezident İlham Əliyevin Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov bildirib.

Azərbaycanda geniş miqyaslı iqtisadi islahatlar aparılır. Cənab prezident İlham Əliyev ötən ilin dekabr ayında iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə Strateji Yol Xəritələrini imzalayıb. Artıq həmin Yol Xəritələrinin icrasına başlanılıb. Genişmiqyaslı bu iqtisadi proseslər özündə ayrı-ayrı iqtisadi sahələrin inkişafı ilə yanaşı azad iqtisadi zonaların yaradılmasını da ehtiva edir. Artıq AİZ-lərin yaradılması müasir dövrdə əsas prioritetlərdən biridir. Çünki artıq iqtisadiyyatın bəzi sahələri təşəkkül tapır. Digər sahələrin də inkişafı etməsi və Azərbaycan məhsullarının xaricə ixrac olunması üçün AİZ-lərin yaradılması prosesi də sürətlənməlidir. Cənab prezidentin bu istiqamətdə sərəncam imzalaması isə ölkə iqtisadiyyatının inkişafına növbəti töhfə olacaq”.
