Bugün “Həqiqət” tarixi araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə, Nəsimi
rayonunda yerləşən “Şəhidlər muzeyi”ndə Qarabağ uğrunda canından keçən
şəhidlərlərə həsr olunmuş, “Erməni vandalizminin iç üzü” adlı fotosərgi
düzənlənib. Sərgidə Dövlət Sərhəd Xidmətinin (DSX) gənc zabitləri iştirak edib.
“Həqiqət” tarixi araşdırmalar İctimai Birliyinin təsisçisi və sədri, Qarabağ
müharibəsinin fəal iştirakçısı, Qarabağ qazisi, “Şəhidlər muzeyi”nin yaradıcısı
Əlövsət Qasımov, eləcə də bu İctimai Birliyinin icraçı direktoru Rümanə
Əmirəliyeva sərgidə iştirak edən gənc zabitləri salamlayıb, onlara Muzeyi necə
çətinliklə ərsəyə gətirdikləri barədə məlumat veriblər. 2013-cü ildən fəaliyyətdə
olan bu Muzeydə, indiyədək saysız-hesabsız gənclərin ziyarəti baş tutub.
Əlövsət Qasımov gənc zabitləri “Şəhidlər muzeyi”ndə sərgilənən şəkillərlə tanış
edib, onlara hər şəkilin tarixçəsi barədə ətraflı məlumat verib. O, müharibənin
dəhşətindən söz açaraq, döyüş zamanı baş verən gərgin olaylar barədə danışıb.
Onun sözlərinə görə, erməni əsirliyində və ya itkin düşdükləri güman edilən bir
neçə şəhidimizin nəşini döyüş meydanından çıxararaq, şəxsiyyətlərini müəyyən
edərək öz valideylərinə təhvil verib.
Bu məlumatlardan sonra Əlövsət Qasımov önsözü jurnalist Şamil Sabiroğluna
məxsus, yaxın günlərdə çap olunacağı nəzərdə tutulan “Yeraltı Dünya” adlı yeni
kitab barədə sərgi iştirakçılarına məlumat verib.
Daha sonra çıxış üçün söz verilən “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin
sədri, Qarabağ qazisi, tanınmış jurnalist Şamil Sabiroğlu, gənc zabitlərə müraciətlə,
“Rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqe, harda oluruqsa olaq, gec ya tez
ikinci Qarabağ müharibəsinin olacağını qaçılmaz edir. Biz bu müharibəyə daim
hazır olmalıyıq!” – deyib. O, gənc zabitləri belə hadisələrə biganə qalmamalarını və
“Erməni vandalizminin iç üzü” sərgisini daim nəzərlərində saxlamalarını tövsiyə
edib.
Sonda DSX-nin komandiri Rəsul Zülfüqarov və bir neçə gənc zabit, fotosərginin
yaradılmasına görə Əlövsət Qasımova öz minnətdarlığını bildirib, xatirə şəkili
çəkdiriblər.
Nuray Rəşid, BSU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

