Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Adambaşına xarici dövlət borcu 8 dollar artıb.
Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2018-ci ilin 6 ayı ərzində 0,1 milyard ABŞ dolları və ya 1,1 faiz artaraq 9,5 milyard ABŞ dolları (şərti öhdəliklər daxil olmaqla) təşkil edib. Hesablama
Palatasının “2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlili”ndə qeyd edilib ki, imzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,6 faizini təşkil edib.
Adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 8,0 ABŞ dolları və ya 8,4 faiz artaraq iyulun 1-i 2018-ci ildə 957,5 ABŞ dolları təşkil edib. İyulun 1-i 2018-ci ilin operativ məlumatlarına əsasən, dövlətin daxili borcu 1,0 milyard manat (şərti öhdəliklər daxil olmaqla) təşkil edib ki, bu, yanvarın 1-i 2018-ci ilə olan məbləğə bərabərdir.
2018-ci il üçün dövlət büdcəsində xarici dövlət borcu üzrə il ərzində 1 milyard 621 milyon 142,3 min manat əsas borc və 538 milyon 454,8 min manat məbləğində faiz borcun ödənilməsi proqnozlaşdırılmış, hesabat dövründə isə müvafiq olaraq 670 milyon 826,1 min manat və 248 milyon 872,8 min manat icra edilmişdi.
Daxili borc üzrə isə əsas və faiz borcları üzrə proqnoz məbləğləri müvafiq olaraq 22 milyon 984 min manat və 80 milyon 196,4 min manat, icra göstəriciləri isə 12 milyon 984,0 min manat və 46 milyon 566,9 min manat təşkil edib. Məlumatların təhlili xarici borc üzrə faiz borcunun, daxili borc üzrə isə əsas borcun hesabat dövründə illik göstərici ilə müqayisədə daha çox icra edildiyini göstərir. Belə ki, xarici borcun tərkibində əsas borcun 58,6 faizinin, daxili borcun tərkibində isə 43,5 faizinin cari ilin ikinci yarısında icra olunması nəzərdə tutulub. Hesabat dövründə məcmu dövlət borcunun ödənilməsi məqsədilə icra edilmiş cəmi vəsaitin tərkibində əsas borca yönəldilmiş vəsaitin 98,1 faizi, faiz borcuna yönəldilmiş vəsaitin isə 84,2 faizi xarici dövlət borcuna aid olub.
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə dövlət borcunun əsaslarının nə təşkil etdiyini və borcun artma səbəblərini şərh edib. O bildirib ki, getdikcə Azərbaycanda xarici dövlət borcunun artması müəyyən narahatlıqlar doğurur: “2015-ci il yanvarın 1-nə xarici dövlət borcu 6.04 milyard dollar civarında idisə, 2018-ci ildə 3.02 milyarda yaxın artım nümayiş etdirib. Bu da 50 faizə qədər artım deməkdir. Qısa müddətdə dövlət borcunun 50 faiz artması əhəmiyyətli narahatlıqlar yaradır. Eyni zamanda borcun ümumi daxili məhsula (ÜDM) nisbəti də ciddi şəkildə artıb. 2015-ci ildə xarici dövlət borcunun ÜDM-də olan nisbəti 8.6 faiz idisə, hazırda bu nisbət 22 faizin üzərindədir. Bu isə müəyyən qədər SOS siqnalının verilməsi üçün əsaslar yaradır. Dünya praktikası ilə müqayisə etsək, bəzi ölkələrin xarici dövlət borcunun həcmi ÜDM-dən belə yüksəkdir. Bu indikatorlarla müqayisədə Azərbaycanın xarici dövlət borcu çox da narahatedici görünmür. Amma problem ondadır ki, Azərbaycanın dövlət borclarının qaytarılmasınıda əsas mənbə neft gəlirləridir və neftin qiymətinin formalaşmasında da dövlət olaraq rol oynaya bilmir. Azərbaycan neft istehsalçısı kimi dünya bazarında neftin qiymətinə təsir göstərə bilmir. Bu isə son nəticədə 2014-cü ildə də müşahidə edildiyi kimi neft qiymətlərindən qaynaqlanan çox ciddi risklər formalaşdırır.
Məhz bu kimi məqamları nəzərə alaraq, dövlət borclarının xərclənməsi ilə bağlı yeni siyasətin ortaya qoyulması müşahidə edilir. Belə ki, avqustun 24-də ölkə başçısı “Azərbaycan Respublikasında Dövlət Borcunun İdarə Edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcəkdir.
Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir. Bu strategiyaya görə növbəti 7 il ərzində dövlət borclarının təxminən 3.2 milyard dollara qədər azaldılması, həmçinin 2025-ci ildə borcun həddinin 6.3 milyard dollara çatdırılması nəzərdə tutulub. Bu, təxminən 45 faizə qədər azalma proqnozu deməkdir. Amma burada məzənnə, neftin qiyməti, eyni zamanda infrastrukturla bağlı müxtəlif risklər var. Hazırda məlum olub ki, Azərbaycanda keyfiyyətli elektrik enerjisi təminatı sisteminin formalaşdırılmasına bir neçə milyard pul lazımdır. Bu günə qədər xərclənən vəsaitlər isə səmərəsiz istifadə olunub. Bu pulların yerinin doldurulması üçün ola bilsin ki, növbəti dövrlərdə yenidən borclanma baş versin. Əgər neftin qiyməti düşərsə, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yenə də borclanmaya gedə bilər. Yəni, risklər hər zaman var”.
Ekspert qeyd edib ki, yeni qanunvericilikdə dövlət qurumlarının borclanması ilə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunmaqdadır: “Yenilikdə borclar üzrə xüsusi nəzarət mexanizmilərinin təkmilləşdirilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi öz əksini tapıb. Ümid edək ki, daha səmərəli xərcləmə siyasəti həyata keçirməklə bundan sonrakı dövrdə strategiyada nəzərdə tutulan hədəflərə nail olmaq mümkün olacaq”.
Rəşad Həsənov xarici dövlət borclarının əsasən 3 istiqamətə xərcləndiyinə də diqqət çəkib:“Birinci, Azərbaycan enerji layihələri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə xərclənir, yəni CQD layihəsi istiqamətində. İkinci, dövlət büdcəsinin kəsirinin kompensasiya edilməsi məqsədilə. Üçüncü, əsas borc istiqaməti 2017-ci ildə baş tutdu və bu beynəlxalq borcun xarici borc öhdəliklərini dövlət üzərinə transfert edilməsi məqsədilə yerləşdirilmiş qiymətli kağızlar üzrə yaranmış borclardır. Həmçinin, kreditə verilən dövlət zəmanətlərindən qaynaqlanan borclar da olur. Belə ki, əgər dövlət təşkilatları beynəlxalq maliyyə institutlarından kreditlər götürsə, bu zaman Azərbaycan dövləti bəzi hallarda həmin kreditə zəmanət vermək məcburiyyətində qalır. Çünki dövlət qurumlarının böyük əksəriyyətinin aktivləri və maliyyə hesabatlılığı kifayət qədər zəifdir. Belə olan halda onlar sərbəst şəkildə kreditlər cəlb edə bilmirlər, burada dövlət zəmanəti şərt olur. Xarici dövlət borcları əsasən infrastruktur, investisiya xərclərinin maliyyələşdirilməsi və büdcə kəsirinin kompensasiyasına yönəldilir”. /Cebhe.info/
