Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan 20 yanvar hadisələrindən 29 il ötür. 1990-cı ilin 19-20 yanvar günlərində Sovet ordusu Azərbaycanın paytaxtı Bakıda qanlı qırğınlar törətdi.
Əslində, qanlı şənbə gecəsi Bakı şəhərində həyata keçirilən və sonra Lənkəranda davam etdirilən kütləvi qətliam Azərbaycanda milli-azadlıq hərəkatını boğmağa yönəlmişdi. Ancaq minimum 150 nəfər dinc insanın qətlə yetirildiyi və onlarla insanın yaralandığı 20 yanvar qırğını SSRİ-nin dağılmasına və Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə təkan verən proseslərin başlanğıcı oldu.
20 yanvar faciəsi Azərbaycanın tarixində ən ağrılı tarixi günlərdən biri olsa da xalqı birləşdirən milli-mənəvi dəyərlər sisteminə çevrildi. Ötən 29 ildə yeni nəsil meydana gəlib, cəmiyyətdə müxtəlif ideyaların, siyasi baxışların daşıyıcı olan ictimai qüvvələr formalaşıb. Ancaq mövqeyindən asılı olmayaraq, 20 yanvar faciəsinə ümumi münasibət mövcuddur. Hər il Şəhidlər xiyabanını ziyarətə gələn minlərlə azərbaycanlı həmin qətliamı özünün şanlı tarixi hesab edir. Bu gün Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altında olsa da 20 yanvar şəhidləri sanki düşmənin qarşısında hər bir azərbaycanılının təsəlli və qürur mənbəyinə çevrilib.

Tarixi həqiqətləri qanla yumaq, zor gücü ilə dəyişdirmək mümkün deyil. Ona görə də Azərbaycan xalqının milli qurtuluş istəyini gülləbaran etmək hesabına boğmaq, tarixin məhvərini güc yolu ilə dəyişdirmək mümkün olmadı. Əksinə, üstündən 29 il keçdikdən sonra indi günahsız, əliyalın insanları məhv etdirmiş Mixail Qorbaçovun, Dmitri Yazovun məhkəmə qarşısında cavab verməsi tələb edilir. Keçmiş SSRİ-nin rəhbərliyi yəqin ki, 20 yanvar cinayətini törədəndə tarixin qalibləri heç zaman mühakimə etmədiyini düşünüb. Ancaq tarix də görünür, bu amansızlığa yol verənlərin layiqli cəzasını alması üçün onları indiyə qədər yaşadıb, öldürməyib. Bu insanlar Azərbaycanda törətdikləri qırğınlara görə hələlik hüquqi məsuliyyətə cəlb olunmasa da Vilnüsdə də analoji cinayətə yol verdiklərinə görə məhkəməyə verilib. Vaxtilə Bakıda, Lənkəranda, Vilnüsdə, Tiflisdə dinc insanları gülləbaran etdirən SSRİ-nin müdafiə naziri D.Yazov indi 93 yaşında Litva xalqı tərəfindən ədalət mühakiməsinə cəlb edilib. Eyni zamanda, öz haqqını tələb edən vətəndaşların üstünə tankları yeridib “atəş” əmri Mixail Qorbaçov da 88 yaşında sanki öz layiqli cəzasını alacağı günü gözləyir. Artıq onun da barəsində məhkəmə iddiası qaldırılıb.
Bu mübarizədən əsl qalib çıxan isə silahlı Sovet ordusu yox, əli yalın Azərbaycan xalqı oldu. O çətin günlərdə Moskvaya və Bakıya səfərlər etmiş türkiyəli jurnalist Muəmmər Elveren 24 il sonra “Hürriyet” qəzetindəki “Qırmızı ordu Bakıda qırğın törədib” başlıqlı məqaləsində öz xatirələrini belə təsvir edirdi.
“Mütəllibov da eyni səhvi edir, xalqın iradəsinə məhəl qoymayaraq, Xalq Cəbhəsinə təzyiq göstərirdi. Xalq Cəbhəsinin binası bağlanır, rus hərbçiləri təşkilatın üzvlərinin həbsini davam etdirirdi. Əbülfəz Elçibəy və onun məsləkdaşları müstəqillik uğrunda mübarizəni davam etdirmək niyyətini bəyan etdi. 1990-cı il yanvarın 26-da Rusiya hərbçilərinin gözü qarşısında Azərbaycanın üçrəngli bayrağı Əlyazmalar İnstitutunun binasının damına sancıldı. Beləcə, Rusiya imperializminə qarşı çıxdıqlarını bütün dünyaya elan etdilər. Bu dövrdə “dəmir pərdənin” arxasından xaricə məlumat ötürmək praktik olaraq mümkün deyildi. Ona görə də Xalq Cəbhəsinin fəallarından biri olan Etibar Məmmədov gizli Moskvaya gedir, Azərbaycanın daimi nümayəndəliyində xüsusi mətbuat konfransı keçirir, Bakıdakı kütləvi qırğınları Moskvada akkreditə olunmuş dünya mətbuatını təmsil edən jurnalistlərin diqqətinə çatdırır, onlara fotoşəkillər göstərir. Sonradan o, DTK tərəfindən həbs ediləcəkdi”.
Mən son hadisələri müstəqillik uğrunda mübarizəsini gizli davam etdirən Elçibəylə görüşüb müzakirə etmək üçün Moskvadan Bakıya gəldim. Biz Elçibəyin və onun əqidə yoldaşlarının Nərimanov rayonunda qərargah kimi istifadə etdikləri mənzildə görüşdük. Orada gizli görüşlər keçirilirdi. Mənə Xalq Cəbhəsinin fəallarından sonralar Naxçıvan Muxtar Respublikasının baş naziri olmuş Becan İbrahimoğlu, Bakı Neftayırma Zavodunun direktoru vəzifəsini icra edən Rəsul Quliyev və Elmlər Akademiyasının professoru Eldar Salayevlə görüşmək nəsib oldu. Məni özünün qonağı adlandırb fəxri yerdə otuzduran Elçibəy belə dedi:
“Danışırdılar ki, Qırmızı ordu Bakıya müsəlman-xristian münaqişəsinin qarşısını almaq üçün daxil olub. Amma bu belə deyil. Bakıda kimdən soruşsan-ermənidən, ya yəhudidən, bizdə oxşar bir problemin olmadığnı deyəcək. Amma indi bizim Moskva ilə münasibətlərimiz qana boyanıb, biz buna görə cavab vermələrini tələb edirik və biz Azərbaycan müstəqillik əldə edənə qədər mübarizəni davam etdirəcəyik. Elçibəy öz sözünün üstündə dayandı və Azərbaycan 1991-ci il avqustun 30-da müstəqilliyini əldə etdi”. /Cebhe.info/
