Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Aztəminatlı ailələrə müəyyən bank xidmətləri pulsuz təklif oluna bilər. Bu, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulur.
“Baza bank xidmətləri paketi” adlanan xidmət növü olaraq Banklar aztəminatlı əhali qruplarına müəyyən bank xidmətlərini pulsuz təklif etməyə təşviq olunacaqlar. Proqrama görə, pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali qruplarının meyarları, habelə pulsuz verilə biləcək bank xidmətlərinin növləri və sayı Azərbaycan Banklar Assosiasiyası ilə bankların birgə təklifləri əsasında müəyyən ediləcək. Qeyd olunur ki, aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bir sıra ölkədə “baza bank hesabı” adlanan xidmət növü uğurla tətbiq olunur. Bəs, aztəminatlı əhali qrupuna ölkəmizdə kimlər daxil edilir və onlara bank xidmətlərində güzəşt olunması mexanizmi mövcuddurmu?
İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, kommersiya banklarında hər hansı güzəştin edilməsi tələbinin qoyulması doğru deyil və bunun baş verəcəyi gözlənilən deyil:
“Sosial müdafiə siyasəti dövlətin işidir, bu tədbirləri dövlət həyata keçirir. Dövlət banklarında bu sahədə kifayət qədər güzəştlər var. Dövlət müavinətlər, yardımlar ayırır, müəyyən güzəştlər edilir. Amma sosial təminatla bağlı kommersiya banklarının qarşısında hər hansı tələb qoymaq doğru deyil. Çünki, kommersiya banklarında müştərilər eyni statusdadır. İstər aztəminatlı olsun, istər orta, istərsə də yüksəktəminatlı. İstər əlil olsun, istər sosial təminatı yüksək olan vətəndaş olsun, banka müraciət edərkən, bank onun ödəmə qabiliyyətini araşdıracaq”.

Razi Abbasbəyli deyir ki, aztəminatlı ailələr dedikdə, Qarabağ və Böyük Vətən Müharibəsi veteranları, şəhid ailələri, I və II qrup əlillər və s. nəzərdə tutulur. Bununla belə iqtisadçı deyir ki, əmanətlər üzrə faiz məsələsində bu cür məqamlar nəzərdə tutulur:
“Məsələn, azyaşlı uşaqlar üçün yığım əmanətlərində, sığorta siyasətində, yaşlı insanlarla bağlı əmanətlərdə bu nəzərdə tutula bilər. Biz təklif etmişdik ki, yaşı 55-dən yuxarı olan vətəndaşlar üçün əmanətlərin saxlanılmasına görə tətbiq olunan faiz dərəcələri çox olsun. Yəni 60 yaşlı bir şəxs bankda əmanət saxlayırsa, ona yüksək faiz tətbiq olunmalıdır. Bu da güzəşt deyil, strateji proqramdır ki, hər bir bank bunu özü həyata keçirə bilər. Amma bununla bağlı hər hansı inzibati göstərişin olması doğru deyil”. /Cebhe.info/
