Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əlisöhbət Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində doğulub..
Əlisöhbət Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində doğulub. 1921–1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926–1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil alıb. Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri, 1959–1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra edib.1957–1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti olub.1959–1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilib, 12 cildlik "SSRİ tarixi"nin baş redaksiya heyətinin, Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olub.
Ə. Sumbatzadə 1963–1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970–1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. O, 1970–1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982–1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləyib.
1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1954-cü ildə professor elmi rütbəsini alıb. Həmin ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilib. O, 1964-cü ildə "XIX əsrdə Azərbaycan sənayesi" əsəri ilə tarixşünaslıqda yeni bir elmi istiqamətin-iqtisadi tarixin əsasını qoyub.
O, həmçinin Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərib və uzun illər apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə "Azərbaycanlılar-etnogenez və xalqın formalaşması" adlı son dərəcə vacib monoqrafiyanı yazıb və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoyub. 1980-ci ildə çap olunmuş "Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı", "Sovet tarix elmi 1975–1979-cu illərdə" və 1988-ci ildə nəşr olunmuş "Azərbaycan xalqının etnogenezi" və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olub.
1957–1982-ci illərdə Əlisöhbət Sumbatzadənin elmi rəhbərliyi altında aparılan tədqiqatlar Azərbaycan xalqının milli tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, incəsənəti, dili, ədəbiyyatı, iqtisadiyyatı, fəlsəfi fikri və şərqşünaslığının ən ümdə problemlərinin araşdırılmasına yönəldilib. Tarix və iqtisad elmləri sahəsində yüzlərlə yüksək ixtisaslı alim-tədqiqatçıların hazırlanmasında onun əvəzsiz xidmətləri olub. Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat edib…
RUHU ŞAD OLSUN!
