Rəşadın məcrası

Şrift
🔊 Xəbəri dinlə — Babək
Rəşadın məcrası

Bu yaxınlarda məndən soruşdular:

— Sən niyə Rəşad Məcidə bu qədər önəm verirsən?

Cavabım çox qısa oldu:

— Çünki o, sözünün sahibidir.

Amma sonra düşündüm ki, bu cavab Rəşad Məcid haqqında demək istədiklərimin hamısını ifadə etmir.

Çünki Rəşad Məcid mənim üçün təkcə sözünün sahibi olan adam deyil. O, illərdir yaradıcı insanların özlərinə yol tapdığı bir məcradır.

Mən gözümü açandan 525-ci qəzetin ətrafında bu məcranın şahidi olmuşam. Şairlər, yazıçılar, jurnalistlər, gənclər… Kimisi sözünü gətirib, kimisi fikrini, kimisi istedadını. Rəşad Məcid isə bu axını özündə saxlamayıb, həmişə başqalarına da yol verib.

Yazıçılar Birliyində də, mətbuat mühitində də, bu gün Mətbuat Şurasında da onun yaratdığı məcraların izini görmək mümkündür.

Mən özüm də dəfələrlə Rəşad müəllimdən məsləhət almışam. Fikrini deyib, istiqamət göstərib, mən də öz addımımı atmışam. Amma heç vaxt sonra “mən dedim”, “mən göstərdim”, “mən etdim” deyib bunu öz adına çıxmayıb. Məsləhəti verib, məsləhət orada qalıb.

Bəlkə də onun ən böyük xüsusiyyətlərindən biri elə budur: yaxşılığı edir, amma yaxşılığın müəllifliyinə iddia etmir.

Mən harada Rəşad müəllimi çağırmışamsa, “yanımda olun” demişəmsə, sağ olsun, yanımda olub. Bu şəkil də həmin xatirələrdən biridir.

Şəhid haqqında hazırladığım filmin, təxminən on il əvvəl, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimatından qalan bir kadrdır. Rəşad müəllim dəvətimi qəbul edib gəlmiş, filmin təqdimatında iştirak etmiş və çıxış etmişdi. Şəhidə, Vətənə həsr olunan belə bir tədbirdə yanımızda olması mənim üçün bu gün də dəyərini saxlayan bir xatirədir.

Fəxri xiyabanda bu yaxınlarda yaşanan başqa bir məqamı da unutmuram. Bəzi şeyləri danışmaq yox, yadda saxlamaq daha doğrudur. Mən də yadda saxlayıram.

“Rəşad” sözünün özündə də gözəl bir məna var — rəşadət, yetkinlik, kamillik və doğru yol çalarları daşıyır. Rəşad Məcid həm də nəcib bir nəslin nümayəndəsidir. Bu isə başqa bir yazının mövzusudur.

Bəli, bu gün Rəşad Məcid haqqında düşünəndə mən bir adamdan çox, bir məcra görürəm.

İllər ərzində ədəbiyyat, mətbuat, gənclər, söz, məsləhət, dostluq və yaxşılıq kimi axınlar bir-birinə qarışıb.

Və mənim təsəvvürümdə bir çay yaranıb:
Rəşad çayı.
Vətənimizin rəşadətli Rəşadının çayı.

Rəşad müəllim, indi maraqlıdır:
Bu yazını oxuyanda gözünüzün qabağına Azərbaycanın hansı çayı gəldi?

Xahiş edirəm, bu sualın cavabını siz də yazın. Bəlkə mənim “Rəşad çayı” kimi təsəvvür etdiyim məcraların qovuşduğu yerin əsl adını elə siz qoydunuz.

Doğum gününüz mübarək! Xahiş edib sizi çağıranda yanımda olduğunuz üçün sizə minnətdaram. Allah sizi daim yüksəklərə qaldırsın.


Rəşad Məcidin cavabı

Yazını paylaşdıqdan sonra Rəşad Məcid bu suala Facebook-da cavab verdi. O, özünü Həkəri çayına bənzətdiyini bildirdi.

Beləliklə, mənim “Rəşad çayı” kimi təsəvvür etdiyim məcranın onun öz dilində adı da bəlli oldu: Həkəri çayı.

Vətənim Media Shorts

YouTube-da aç ↗