Yenidən efirdə görüşmək arzusu ilə, Sevda xanım…

Şrift
🔊 Xəbəri dinlə — Babək
Yenidən efirdə görüşmək arzusu ilə, Sevda xanım…

2014-cü ildə çəkilmiş bu şəkil mənim üçün çox dəyərli bir xatirədir.

Həmin vaxt artıq Azad Azərbaycan Televiziyasında (ATV) çalışırdım. Azərbaycan Radiosunun rəhbərliyi məndən “Yenə efirdəsən” verilişinin xüsusi buraxılışını hazırlamağı istəmişdi. Axı radiodan ayrılarkən son verilişim də elə “Yenə efirdəsən” olmuşdu. Bu dəfə mövzu Azərbaycan radio sənətinin böyük simalarından biri — Aydın Qaradağlı idi. Artıq Azərbaycan Radiosunda çalışmasam da, doğma radioya yenidən qayıdıb həmin verilişi hazırlamaq mənim üçün çox xüsusi duyğu idi.

Məhz həmin verilişdə Sevda Saleh Məmmədzadə ilə yaxından tanış oldum. Əslində, gənclik illərimdən onun səsini, efirdəki möhtəşəm çıxışlarını dinləyirdim. Mənim üçün o, radionun böyük və seçilən simalarından biri idi. Hətta ona yaxınlaşıb söhbət etməyə belə çəkinirdim. İllər sonra isə Aydın Qaradağlı haqqında hazırladığım verilişdə Sevda xanımla qarşı-qarşıya oturub söhbət etmək mənə nəsib oldu.

Sevda xanım Aydın Qaradağlının və Gültəkin Cabbarlının onun həyatında və sənət yolunda oynadığı roldan çox səmimi danışdı. Onun sözlərində keçmişə sədaqət, sənət dostlarına hörmət və yaşadığı illərə böyük ehtiram vardı. Keçmişi unutmayan, eyni zamanda gələcəyə gözəl arzularla baxan nəcib, ziyalı bir xanım idi.

Bu gün — sentyabrın 18-də — Sevda xanımın dünyasını dəyişdiyi xəbərini eşidəndə həmin görüş, həmin söhbət və onun səsi yaddaşımda yenidən canlandı. Bu şəkilə baxanda illərin o tayından gələn bir səs, bir efir ab-havası, bir də insanın yaddaşında silinməyən səmimiyyət qalır.

Allah rəhmət eləsin Sevda Saleh Məmmədzadəyə. Yaxınlarına, doğmalarına və onu sevən hər kəsə səbir diləyirəm.

Sabah Sevda xanımla olan son müsahibəmi də paylaşacağam.

Və bir arzum da var:
İnşallah, Allah mənə qismət edər, bir gün yenə həmin efirdə, “Yenə efirdəsən” layihəmdə Sevda Saleh Məmmədzadə ilə görüşərik.

Yenidən efirdə görüşmək arzusu ilə, Sevda xanım…

Vətənim Media Shorts

YouTube-da aç ↗