Bir qadının şöhrəti…

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bir qadının şöhrəti…

Jalə Əliyevanı 20 ilə yaxındır tanıyıram. Bu illər ərzində əməkdaşlığımız da olub, ünsiyyətimiz də. Onu həyatın müxtəlif məqamlarında görmüşəm — ziyalı kimi, millət vəkili kimi, ana, nənə, övlad, dost və sadəcə bir Azərbaycan qadını kimi.


Bu gün Jalə xanımın 60 yaşı tamam olur. Elə yubiley günündə də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Jalə Fazil qızı Əliyeva filologiya elmləri doktoru, professor, türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Bakı Dövlət Universitetində təhsil alıb, daha sonra hüquq üzrə ikinci ali təhsil əldə edib. Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub, 2005-ci ildən parlamentdə təmsil olunur.
Amma mən bu gün onun vəzifələrindən, elmi adlarından və titullarından daha çox 20 ilə yaxındır tanıdığım Jalə xanımdan danışmaq istəyirəm.
Bir cümlə ilə desəm: çox gözəl qadındır.
Söhbət təkcə zahiri gözəllikdən getmir. Gözəl anadır, gözəl nənədir və ən əsası, gözəl övladdır.

 


Anası Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından olan şairə Nürəngiz Gündür. Mən Jalə xanımda bir övladın anasına sevgisinin illər keçdikcə necə daha da dərinləşdiyinin şahidi olmuşam. O, anasını sadəcə xatırlamır. Nürəngiz Günü hər gün yenidən xatırlatmağa, onun sözünü, yaradıcılığını, ruhunu yaşatmağa çalışır.

Məncə, insanın necə övlad olduğu valideyni həyatda olmayanda daha aydın görünür. Xatırlamaq sevgidir, xatırlatmaq isə sədaqət. Jalə xanımda bu sədaqət çox güclüdür.
Üç nəvəsinin sadəcə nənəsi deyil, həm də dostudur. Ümumiyyətlə, onun çox gözəl bir xüsusiyyəti var: insanlarla dost olmağı bacarır.

Yaşından, mövqeyindən asılı olmayaraq qarşısındakı insanla ünsiyyət qurmağı, onu dinləməyi bacarır.
Mən dəfələrlə evlərində olmuşam. Onun evdarlığının, qonaqpərvərliyinin, süfrəyə, evə, ailəyə münasibətinin şahidi olmuşam. Bütün elmi adların, ictimai-siyasi fəaliyyətin arxasında çox sadə, çox doğma bir tərəfi var — əsl Azərbaycan qadını xarakteri.
Seçiciləri ilə münasibətini də görmüşəm. İnsanların dərdini, problemini səbirlə dinlədiyinin, bəzən eyni məsələni dəfələrlə izah edən insan qarşısında belə təmkinini qoruduğunun şahidi olmuşam. Mən orada yalnız deputatı deyil, qadın həssaslığı ilə ziyalı məsuliyyətini birləşdirən insanı görmüşəm.
Bəlkə də buna görə bu gün onun “Şöhrət” ordeni ilə təltif olunması xəbərinə ürəkdən sevindim.
Çünki bir insan haqqında rəsmi bioqrafiya çox şey deyə bilər: alimdir, professordur, deputatdır, kitabların, elmi əsərlərin müəllifidir… Amma insanın əsl bioqrafiyasını onunla yol gedənlər bilir.
20 ilə yaxın tanışlığımızın mənə tanıtdığı Jalə Əliyevanın bioqrafiyasında isə bütün bunlarla yanaşı çox sadə, amma mənim üçün çox qiymətli sözlər var:
Gözəl qadın.
Gözəl ana.
Gözəl nənə.
Gözəl övlad.
Və insanlarla dost olmağı bacaran insan.
60 yaşınız mübarək, Jalə xanım!
“Şöhrət” ordeniniz də mübarək!
Ananızdan sizə qalan işıq, övladınızın və nəvələrinizin sevgisi, sizi sevən insanların doğmalığı yolunuzu həmişə işıqlandırsın.

Vətənim Media Shorts

YouTube-da aç ↗