Vətənim Media xəbər verir ki, APA-nın təhlilinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməyəcək. Dövlət başçısı həmin gün Azərbaycanda keçirilən FIFA U-15 dünya çempionatının bağlanış və mükafatlandırma mərasimində olacaq. Sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
APA-nın təhlilində Prezidentin sammitə qatılmaması Türkiyədə Azərbaycana qarşı aparıldığı bildirilən kampaniya fonunda nəzərdən keçirilir. Materialda bu kampaniyanın Azərbaycan-İsrail əməkdaşlığı, BMT-də İsrailin baş nazirinin çıxışı zamanı azərbaycanlı nümayəndənin zalı tərk etməməsi və məktəbli forması ilə bağlı qərar ətrafında gücləndiyi iddia olunur. Təhlildə Türkiyə rəhbərliyinin prosesə gec müdaxilə etdiyi də bildirilir.
APA qeyd edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi sammitində iştirak etməyib, Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edib. Təhlildə Ərdoğanın Bakıda keçirilən digər tədbirlərə qatılmaması da xatırladılır. Müəllif Prezident Əliyevin Ankara sammitində iştirak etməməsini düzgün qərar kimi qiymətləndirir və bunun Azərbaycanın TDT-dəki fəaliyyətini dayandırması demək olmadığını vurğulayır.
Əsas mənbə: APA
