Vətənim Media xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsini və orada onun büstünün qoyulmasını tarixi-mədəni kimliyin təhrifinə yönəlmiş addım kimi qiymətləndirib. APA-nın yaydığı bəyanatda bu təşəbbüs bəşəri dəyərlərə hörmətsizlik və sülhə, qarşılıqlı etimada yönələn səylərə qarşı təxribat adlandırılıb.
Komitə bildirir ki, XVIII əsrdə İrəvan xanlığı dövründə Hüseynəli xanın hakimiyyəti illərində tikilən Göy məscid Azərbaycan memarlıq və dini irsinin nümunəsidir. Bəyanatda abidənin tarixi mənsubiyyətinin onun inşa olunduğu dövr, memarlıq xüsusiyyətləri və İrəvan xanlığının tarixi ilə əlaqələndirildiyi, “fars məscidi” kimi təqdim edilməsinin isə siyasi məqsədlərə xidmət etdiyi iddia olunur. Komitə İran və Ermənistan tərəflərini tarixi faktlara hörmət etməyə, dini və mədəni abidələrdən siyasi-ideoloji məqsədlərlə istifadə etməməyə çağırıb.
Əsas mənbə: APA
