Vətənim Media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili geniş tərkibdə görüşüblər. APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlər, strateji tərəfdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub.
Nazirlər enerji təchizatı və tranziti, yaşıl enerji əməkdaşlığı, Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi, eləcə də Orta Dəhliz barədə fikir mübadiləsi aparıblar. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatması alqışlanıb. Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı və Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Bayramov Ermənistanla iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycanın atdığı addımlardan, o cümlədən neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracına başlanmasından danışıb və Gürcüstanın bu prosesə töhfəsini yüksək qiymətləndirib. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan işlər, keçmiş məcburi köçkünlərin qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə məlumat verib.
Əsas mənbə: APA
