Vətənim Media xəbər verir ki, oktyabrın 10-da Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Gamesummit” və “OMNI AI Summit” keçiriləcək. Tədbirlərdə oyun sənayesi və süni intellekt sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri, ekspertlər və mütəxəssislər iştirak edəcək. Google, Xsolla, Microsoft/Xbox, BytePlus və Wonderful AI şirkətlərindən təmsilçilərin qatılacağı sammitlərdə texnologiya sektorunun aktual meyilləri və inkişaf perspektivləri müzakirə ediləcək.
“Gamesummit”də oyun sənayesinin qlobal inkişafı, yeni biznes modelləri və oyun ekosisteminin gələcəyi, “OMNI AI Summit”də isə süni intellektin biznesdə tətbiqi və müxtəlif sahələrə təsiri diqqət mərkəzində olacaq. Proqram çıxışlar, panel müzakirələri və tematik sessiyalardan ibarət olacaq. Azercell tədbirdə mobil tətbiqində istifadəyə verdiyi “Oyun Portalı”nı təqdim edəcək; ziyarətçilər portalın imkanlarını sınaya, oyunlarda və turnirlərdə iştirak edə biləcəklər. Şirkət süni intellekti müştəri xidmətləri, şəbəkə idarəetməsi, kibertəhlükəsizlik və daxili proseslərdə tətbiq etdiyini, sammitlərdə iştirakının bilik mübadiləsi və yerli rəqəmsal ekosistemin inkişafına dəstək məqsədi daşıdığını bildirir.
Əsas mənbə: APA
