Vətənim Media xəbər verir ki, Fitch Solutions şirkətinin BMI araşdırma bölməsi Azərbaycanın iqtisadi artımının 2026-cı ildə 2,5%, 2027-ci ildə isə 3% olacağını proqnozlaşdırır. Hesabatda 2025-ci il üzrə artımın 1,4% olduğu qiymətləndirilib. Analitiklər növbəti illərdə sürətlənməni əsasən investisiyaların və ixracın genişlənməsi ilə əlaqələndirirlər.
BMI-nin dəyərləndirməsinə görə, Avropanın enerji təchizatına tələbatı Azərbaycanın ixrac gəlirlərini dəstəkləyə bilər. Neft hasilatı 2026-cı ilin fevralına olan göstəricilərlə ilin əvvəlindən təxminən 8% azalıb; hesabat bunu yataqların istismar müddətinin artması və hasilat imkanlarının məhdudlaşması ilə izah edir. Qaz ixracının, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün genişlənməsi isə dövlət gəlirlərinə və investisiyalara müsbət təsir göstərə biləcək amillər sırasında qeyd olunur. Şirkət enerji sektorundakı dəyişikliklərin iqtisadiyyata təsirinin gecikə biləcəyini, karbohidrogenlərdən asılılığın isə ortamüddətli artım imkanlarını məhdudlaşdıracağını bildirir. Proqnoza əsasən, real ÜDM artımı 2028-ci ildə 3%, 2029-cu ildə 3,3%, 2030-cu ildə 3,4% təşkil edəcək.
Əsas mənbə: APA
