Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub.7 illik təhsilini baş….
Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub.7 illik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub.3 il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub və 3 il də orada oxuyub. Günlərin birində Əliağa Ağayevlə rastlaşması onu həkimlik sənətindən həmişəlik uzaqlaşdırıb, aktyorluq sənətinə gətirir. Süleyman Ələsgərov xatirələrində bu haqda deyirdi: “Bəlkə də səbəbkar rəhmətlik Əliağadır.1928-ci il idi.
Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi.
Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlan isə “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü.
Nəzarətçi ona neçə dəfə “odinadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla.
O oğlan Əliağa Ağayev idi. Bir gün təsadüfən rastlaşdıq, dedi ki, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən kinoyla, teatrla maraqlanan adam idin? Dedim, nə bilim, qismətdi də…
Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gedib-gəlməyə.
Sonra bu sənətin aşiqi oldum”. 1936-cı ilin martın 9-da Süleyman Ələsgərov müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına gedir. Bu teatrın səhnəsində fasiləsiz olaraq 63 il səhnəyə çıxır.
Aktyor iki dəfə ailə qurub. İlk dəfə evləndiyi qadından bir qızı olub. Lakin, qısa müddətdən sonra onlar ayrılıblar.
Ayrıldığı xanım isə gənc yaşlarında dünyasını dəyişib. Qızını aktyorun anası saxlayıb. Növbəti evliliyi isə bacısının rəfiqəsi ilə olub.
Ancaq qızın atası “mən qızımı aktyora vermərəm” deyir, qızının “həri”sini isə növbəti elçilərə verir. Leyla xanım anasının köməyi ilə Süleymana qoşulub qaçır. Bir müddət sonra Leylanın atası onların evlənməsinə razı olur.
Süleyman Ələsgərov ömrünün sonuna kimi qaynatasının ən sevimli adamına çevrilir, ona oğulluq edir. Süleyman Ələsgərovun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir.
Adamlar onu küçədə görəndə “Cəbiş müəllim” deyib qışqırırdılar.1970-ci ildə bu obraz Minskdə keçirilən festivalın qalibi olur. Aktyorun qızı Sevil Əhədovanın sözlərinə görə, anası olduqca qısqanc və hökmlü qadın olub.“Bizim Cəbiş müəllim” filmində Süleyman Ələsgərovla Şəfiqə Məmmədova yataq səhnəsinə çəkilməli idilər. Aktyorun xanımı bunu biləndə bərk əsəbiləşir.
Həmin səhnənin dəyişdirilməsini, ya da həmin səhnəyə çəkilməməsini tələb edir. Aktyor rejissora bunu deyə bilmir, ancaq izah edir ki, bir müəllimin yataq səhnəsində görünməsi filmin ötürəcəyi mesaja xələl gətirə bilər və səhnə çəkilmir. Filmdə Süleyman Ələsgərov üzünü qırxan zaman arxadan Şəfiqə Məmmədovanın onu qucaqlaması da xanımının xoşuna gəlməyib.
O, buna etiraz edərək deyib: “Bu səhnəni başqası ilə əvəz etmək olmazdı?” 1985-ci ildə aktyorun çox sevdiyi xanımı infarkt keçirir. Aktyor 5 il həyat yoldaşını xəstəxanalarda gəzdirir. Günlərin birində onlar ailəvi bir toy məclisinə gedirlər.
Toyda rəqs etdikləri yerdə xanımının vəziyyəti qəfildən pisləşir və aktyorun qolları üzərində dünyasını dəyişir. Onu saatlarla sevdiyi qadının cansız bədənindən ayıra bilmirlər. Həmin hadisədən sonra aktyor özünə qapanır.
Xanımının şəklini böyüdüb evin divarından asır. Bəzən saatlarla şəkillə üz-üzə oturub söhbət edir, pianinoda xanımının sevdiyi mahnıları ifa edir. Onu yenidən həyata qaytaran yeni doğulan qız nəvəsi olur.
Aktyor nəvəsinə Leyla adını verir. 1998-ci ilin dekabrında o, xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-da saat 9-un yarısında qızını yanına çağırıb deyir:Ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri.
Mənim vaxtıma hələ var. Saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm. Gecəni narahat yatan Süleyman Ələsgərov dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir…(mənbə:kulis.
az) RUHU ŞAD OLSUN!
