Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Lev Bordukov — həyatı və yaradıcılığı.
Lev Bordukov 1913-cü ildə Moskvada doğulub.1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib.1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub.1941-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının səhnəsində çıxış etməyə başlayır.
Çılğın xarakteri onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir. Qısa müddətdə o, həbs olunur və antisovet təbliğatı ilə məşğul olduğu üçün Sibirə Norilsk islah əmək düşərgəsinə sürgün edilir.1947-1952-ci illərdə bu düşərgədə xidmət edir. Azadlığa çıxandan sonra üç il Çelyabinsk Dram Teatrının, Tambov Dram Teatrının aktyoru olur.
Sonra Lunaçarski, Kiyev Rus Dram Teatrı və nəhayət Vladimir Mayakovski adına teatrda fəaliyyət göstərir. 1956-cı ildə Böyük Vətən Müharibəsindən bəhs edən "İtkin düşmüş" filmində fransız partizan roluna çəkilir. Bu filmlə Lev sovet kinoprokatının liderlərindən birinə çevrilir.
Filmi izləyən 35 milyondan çox tamaşaçı aktyorun vurğununa çevrilirlər. Bu filmdən sonra Tofiq Tağızadə aktyoru “Uzaq sahillərdə” filmində Karranti roluna dəvət edir. “Uzaq sahillərdə” filminin çəkilişləri Bakıda, Soçidə, Baltikyanı ölkələrdə, final səhnələri isə Ağsu rayonunun kəndlərində aparılır.
Çəkilişlər zamanı aktyor tez-tez içki içir, bununla da sanki o, həbsdə olduğu müddətdə yaşadıqlarının ağrısını unutmağa çalışır. Bir dəfə isə xəstəliyini əsas gətirərək çəkilişə belə gəlmir. Tofiq Tağızadə belə bir ekstremal vəziyyətdə ikinci rejissor Rüfət Şabanovu makiyaj edərək onu arxadan və profildən çəkir.
Lev çəkilişə gələndən sonra isə onunla yaxın planlar lentə alınır. Alkoqola aludəliyi aktyoru bir neçə dəfə həbsə doğru aparır. Belə ki, filmin çəkilişləri vaxtı aktyorlara gündəlik xərclik üçün pul verilmir.
Bordukov isə "zarafat" etmək qərarına gəlir. O, poçt işçisini aldadaraq, filmin rejissoru Teymur Hüseynova bu məzmunda teleqram göndərir: “Əgər aktyorlara pul verməsən, “Qara pişik” bandası məsələyə qarışacaq”. Müharibədən sonrakı illərdə “Qara pişik” dəstəsi cəsarətli basqınları ilə xalq arasında əfsanəyə çevrilmişdi.
Bu teleqramdan sonra Teymur Hüseynov polisə gedir, poçt işçisi saxlanılır. O, nə qədər and-aman etsə də ki, bu xahişi ondan filan aktyor edib, ona inanmırlar. Onun növbəti macərası isə Soçidə yerləşən KQB idarəsi ilə olur.
Şəhər gəzintisi zamanı idarənin girişinə yaxınlaşaraq cibindən filmdə istifadə etdiyi əks-kəşfiyyat xidmətinin rəhbəri Vilhelm Kanarisin fotosunu çıxarıb deyir: “Bu gecə bir türk gəmisi sahilə çıxıb bizi buradan aparacaq!" Onu saxlayıb sorğu-sual etməyə başlayanda o deyir: “Mən Amerika kəşfiyyatçısıyam”. Təbii ki, onu həbs edirlər və dərhal Moskvaya çağırırlar. Səhəri gün ayıldıqdan sonra Bordukov and içir ki, o, sadəcə aktyordur və filmdə rol alır.
Yaradıcı qrupun qaldığı mehmanxanaya zəng edib bunun doğru olduğunu öyrənsələr də, qaydanı pozanı buraxmırlar. Nəticədə onlar Bordukovu xırda xuliqanlığa görə cəzalandırmaq qərarına gəliblər və ona 15 sutka cəza verirlər. Qaydalara görə, o, keçəl edilərək əmək islah düşərgəsinə göndərilməli idi.
Ancaq filmin rejissoru aktyorun saçının kəsilməsinin çəkilişi üçün ciddi maneə yaradacağını bildirir və Bordukov hər gün istintaq orqanlarının adamları tərəfindən çəkiliş meydançasına gətirilir, çəkiliş bitəndən sonra isə geri qaytarılır. Bu hadisədən sonra Bordukova üç il filmə çəkilmək qadağası qoyulur.1966-cı ildə Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filminə dəvət alır. Amerika casusu Houk kimi reinkarnasiya olunan KQB mayoru Martınovu canlandırır.
Onun son rolu 1967-ci ildə Rauf Kazımovskinin "Poçt qutusu" filmində məhkəmə sədri olur. Elə həmin il, mayın 18-də, 54 yaşında vəfat edir…
