Vətənim Media xəbər verir ki, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov dövlət təhsil müəssisələrində geyim qaydalarını müəyyənləşdirən qərarda hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmadığını bildirib. Onun sözlərinə görə, qərarla şagird və müəllimlər üçün vahid geyim formaları müəyyən edilir, idman üslubunda və açıq-saçıq geyimə isə məhdudiyyət qoyulur.
Səfixanov qeyd edib ki, qərardan sonra mövzu həm hüquqi, həm də dini baxımdan müzakirə olunur. O, Konstitusiyada dövlətin dünyəvi xarakter daşımasının və dini etiqadların qanun qarşısında bərabərliyinin təsbit edildiyini, dini mərasimlərin ictimai qaydanı pozmadığı halda sərbəst olduğunu xatırladıb. İctimai birlik sədrinin fikrincə, geyim qaydalarına dövlətin dünyəvilik prinsipi və milli maraqlar çərçivəsində yanaşılmalıdır.
Səfixanov əlavə edib ki, bəzi xarici dövlətlərin dini və siyasi dairələri qərarı fərqli yozaraq Azərbaycana qarşı kampaniya aparmağa çalışır. O, dövlətlərin təhlükəsizlik məsələlərini, mövcud təhdidləri və milli maraqlarını nəzərə alaraq qərarlar qəbul etdiyini vurğulayıb.
Əsas mənbə: APA
