Vətənim Media xəbər verir ki, Avropa İttifaqı 2027-ci ildə Arktikada quruda və dənizdə yarana biləcək təhlükələri müəyyənləşdirmək üçün peyk müşahidə proqramına başlamağı planlaşdırır. Təşəbbüs çərçivəsində Aİ-nin Copernicus və Galileo sistemlərinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Proqram Rusiyanın və Çinin bölgədə artan fəallığı fonunda Aİ-nin təhlükəsizlik potensialını gücləndirmək məqsədi daşıyır. İttifaq, həmçinin kritik rəqəmsal xidmətlər üçün əhəmiyyət daşıyan sualtı kabellərin qorunmasına yönəlmiş “Arktika kabel mərkəzi” yaratmağı planlaşdırır. Bölgədə gəmiçiliyin artmasının qəza, ətraf mühitin çirklənməsi və hibrid müdaxilə risklərini yüksəltdiyi də vurğulanır.
Aİ Arktika üzrə müntəzəm sammitlər keçirməyi və yerli tərəfdaşlarla birgə maliyyələşdirilən layihələr həyata keçirməyi nəzərdə tutur. Yeni strategiyanın yaxın vaxtlarda ictimaiyyətə təqdim edilməsi gözlənilir.
Əsas mənbə: APA
