Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları quru yollarla daşımasının qarşısını almaq üçün “Iron Gate” adlı işçi qrupu yaradıb. CENTCOM-un komandanı admiral Bred Kuperin göstərişi ilə yaradılan qrup Florida ştatının Tampa şəhərində fəaliyyət göstərəcək və təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq.
CENTCOM-un bildirdiyinə görə, qrup ABŞ hökumətinin digər qurumları ilə koordinasiyada İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah sistemləri, ikili təyinatlı texnologiyalar, sanksiyalara məruz qalan materiallar və qanunsuz gəlirlərin daşınmasının qarşısını almağa çalışacaq. Kuper qrupun yaradılmasını İrana qarşı dəniz blokadasının təsirini möhkəmləndirən addım kimi qiymətləndirib.
CENTCOM son aylarda ABŞ-ın dəniz blokadasının İranın 25 milyard dollardan çox xam neft ixrac etməsinin qarşısını aldığını bildirib. Komandanlığın məlumatına görə, İran limanlarına daxil olan və oradan çıxan gəmilərə dənizdə nəzarət davam edir.
Əsas mənbə: APA
