Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanın ilk qadın dramaturqu və ilk qadın müəllimlərindən biri olan Səkinə xanım 186….
Azərbaycanın ilk qadın dramaturqu və ilk qadın müəllimlərindən biri olan Səkinə xanım 1865-ci ildə Qubada doğulub. Atası Mirzə Heybət "Fəda" təxəllüsü ilə şeirlər yazırdı və A. Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üzvü idi.
1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım H. Z. Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edib.
Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib. O, teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlayırdı. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qayınana" komediyasını yazıb.
Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə alıb, bu əsər əsasında isə eyni adlı opera librettosu işləyib. S. Axundzadə Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirib.
Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala" əsəri uzun illər Azərbaycan səhnəsində tamaşaya qoyulub. Səkinə xanım Axundzadə fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında dram əsəri yazıb və ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanıb. Onun yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılıb.
Həmin dövrdə Reyhan xanım Topçubaşova Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi. Səkinə xanım Axundzadə "Gəlin və qayınana", "Bəxtsiz bala", "Haqq söz acı olar", "Şahzadə Əbülfəz" və bir çox pyeslərin müəllifidir. Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda onun əsərlərini tamaşaya qoyublar.
Əsas rollarda özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya, Yunis Nərimanov oynayıblar. "Bəxtsiz bala" da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib. 1927-ci ildə uzun sürən astma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Bibiheybətdə dəfn olunub…
RUHU ŞAD OLSUN!
