Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sədayə Mustafayeva — həyatı və yaradıcılığı.
Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində doğulub.5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığına görə atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayır. Boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirir.1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilir.
Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları S.
Mustafayevanın yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
O, həmçinin "Azərbaycanfilm'in istehsalı olan 20-dən artıq filmə çəkilib."Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm, bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət…"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filmlərini misal göstərmək olar. 2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilib.
Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşı idi. Azərbaycan SSR Əməkdar artisti(1958), Azərbaycan SSR Xalq artisti(1981) adına, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə(2003) layiq görülüb… 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib…
RUHU ŞAD OLSUN!
