Vətənim Media xəbər verir ki, oktyabrın 7-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl o, Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini və Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin önünə gül dəstələri qoyub.
Görüşdə iştirak edən 17 nəfər konkret cinayət işlərinin istintaqı, cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, mülki mübahisələr və sosial məsələlərlə bağlı müraciət edib. Qaldırılan məsələlərin prokurorluq və aidiyyəti icra orqanları tərəfindən operativ araşdırılması və həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Gəncədə xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün yeni xidməti mənzillər istifadəyə verilib. Kamran Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub və əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini çatdırıb. Prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilib.
Əsas mənbə: APA
