Vətənim Media xəbər verir ki, İkinci Qarabağ müharibəsindən bəhs edən “44” filminin premyerası oktyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilib. Ekran əsərinin nümayişindən əvvəl mətbuat konfransı təşkil olunub, yaradıcı heyət çəkiliş prosesi və filmin hazırlanmasında istifadə olunan texniki imkanlar barədə danışıb. Filmin bədii rəhbəri Anar Ələkbərov tədbirdə media nümayəndələrinə təşəkkür edib.
İbrahim Çingizin canlandırdığı Rəşad Xəlilovun Xüsusi Təyinatlı Qüvvələrə qoşulmaq istəyi və türkiyəli həkim Zeynəb Özdəmirə olan sevgisi filmin əsas süjet xətlərindəndir. Ekran əsərində müharibə, Gəncəyə raket hücumu, şəhid ailələrinin yaşantıları və insanların dözümlülüyü də əksini tapıb. Rasim Abdullayev isə Gəncədə terror zamanı zərər çəkmiş uşağın prototipini canlandırıb.
Filmin saundtreki Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının və Azərbaycan Dövlət Xor Kapellasının ifasında səslənib. Ekran əsərinin sonunda “Bayatı-Şiraz” muğamından bir parça Kənan Bayramovun ifasında təqdim olunub. “44” filmində Prezident İlham Əliyevin görüntüləri də yer alıb; bu, bədii filmdə həmin görüntülərin ekran əsərinin tərkib hissəsi kimi təqdim edildiyi ilk nümunədir.
Əsas mənbə: APA
