Vətənim Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə ittiham aktı elan edilib. O, özünü təqsirli bilmədiyini bildirib. Növbəti məhkəmə iclası dekabrın 1-nə təyin olunub.
İttihama görə, Qasımov Rusiya vətəndaşı Anton Zayatsa Sankt-Peterburqda 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair yalan vəd verərək, təxminən 191 500 manat ziyan vurub. İstintaq materiallarında Rusiyada yaşayan Faiq Mikayılovdan Hindistandan gətirdiyi qızıl-zinət əşyalarını gömrük nəzarətindən keçirməyə kömək vədi ilə 10 200 manat aldığı göstərilir. Həmin məbləğin bir hissəsini Mikayılovun yaxınından Bakıda Qasımovun tanışı alıb, Qasımov isə pulu şəxsi ehtiyaclarına xərcləyib.
İş üzrə zərərçəkənlərə ümumilikdə 200 min manatdan çox ziyan dəydiyi, bunun bir hissəsinin istintaq dövründə ödənildiyi bildirilir. Qasımova Cinayət Məcəlləsinin xarici ölkə ərazisində külli miqdarda ziyan vurmaqla dələduzluğa dair maddəsi ilə ittiham irəli sürülüb. O, 2024-cü il oktyabrın 21-də Sankt-Peterburqdakı baş konsul vəzifəsindən geri çağırılıb.
Əsas mənbə: APA
