Vətənim Media xəbər verir ki, oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Sülh kitabı”nın Azərbaycana həsr olunan III nəşri təqdim edilib. “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı kitabda İslam dünyasının müxtəlif ölkələrindən 29 gənc liderin məqalələri yer alıb. Onlar Azərbaycana səfərləri zamanı ölkənin sülh və birgəyaşayış modeli ilə bağlı təəssüratlarını bölüşüblər.
ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın mədəniyyətlərarası dialoq və birgəyaşayış ənənələrini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə sülh və qarşılıqlı anlaşmanın əhəmiyyətindən danışıb, Fondun mədəniyyət, təhsil və humanitar sahələrdəki fəaliyyətini qeyd edib. BMT Baş katibinin müavini Migel Anxel Moratinos Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini son illərdəki iki müsbət hadisədən biri adlandırıb; digərinin Cənubi Afrikada aparteid rejiminin sona çatması olduğunu deyib. Tədbirdə gənc sülh səfirləri çıxış edib, 10 yaşlı xanəndə Rəsul Bağırov musiqi proqramı təqdim edib. Səlim bin Məhəmməd əl-Malikə rəssam Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmişsiniz” əsəri hədiyyə olunub.
Əsas mənbə: APA
