“Birliyin Gücü – 2026” birgə hərbi təlimi Qarabağ iqtisadi rayonundakı “Qızılqaya”, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” və Xəzər dənizindəki “Böyük Zirə” təlim rayonlarında yekunlaşıb, məlumatı Müdafiə Nazirliyi verib.
Bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın dövlət himnləri səsləndirilib. Təlimdə 3 ölkə iştirakçı, 9 ölkə isə müşahidəçi qismində iştirak edib.
Çıxışlarda bildirilib ki, təlim hərbi qulluqçular arasında təcrübə mübadiləsinə, döyüş hazırlığının yüksəldilməsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verib. Fəaliyyətlər çətin relyef və real döyüş şəraitinə uyğunlaşdırılıb, iştirakçılar taktiki savad və koordinasiyalı fəaliyyət nümayiş etdiriblər.
Təlim müddətində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələn hərbi qulluqçulara hədiyyələr təqdim olunub, sonra iştirakçıların tribuna qarşısından təntənəli keçidi keçirilib. Bağlanışda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən izlənilib.
Mənbə: Report.az
