Vətənim Media xəbər verir ki, Media və Yayım Şurası məktəblərdə vahid geyim qaydaları ətrafında mövzunun qərəzli şəkildə siyasiləşdirilməsi və dini müstəviyə çəkilməsi cəhdlərinin müşahidə olunduğunu bildirib. Şuranın açıqlamasında vahid qaydanın dünyəvi təhsil prinsipinə və təhsil mühitində ümumi yanaşmaya xidmət etdiyi vurğulanıb.
Qurumun bildirdiyinə görə, eyni və ya oxşar məzmunlu paylaşımların çoxsaylı hesablar vasitəsilə qısa müddətdə yayılması, mənfi reaksiyaların artırılması və ictimai qaydanı pozmağa yönələn çağırışlar koordinasiyalı fəaliyyətdən xəbər verə bilər. Şura bu cəhdlərin ictimai rəyin təhrif olunmasına və süni narazılıq görüntüsü yaradılmasına hesablandığını qeyd edib.
Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini şübhəli hesabların fəaliyyətinə diqqət yetirməyə, manipulyativ məzmunu yoxlamadan paylaşmamağa çağırıb. Açıqlamada süni informasiya dalğalarının təsiri altına düşməməyin vacibliyi də bildirilib.
Əsas mənbə: APA
