Leyla Bədirbəyli — həyatı və yaradıcılığı

Şrift
Leyla Bədirbəyli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Leyla Bədirbəyli — həyatı və yaradıcılığı.

Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda doğulub. Atası Ağalar kişi hərbçi olub, polkovnik idi. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib.

Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Əli Bayramov adına klubdakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə bura aparırmış.

Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur və Dövlət Filarmoniyasına dəvət edilir. 16 yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra oğlu doğulur.

Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir. İkinci həyat yoldaşı Kamil Aslanovla tanışlığının isə qəribə tarixcəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayırmış.

O,Əli Bayramov adına kluba gedir, Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkimə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin, bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş.

Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”. 1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış.

Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. "Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə "Stalin mükafatı"na layiq görülür.

1943-cü ildə aktrisanın atası haqqındaitkin düşmə xəbəri gəlir.4 ildən sonra isə ata sağ-salamat geri qayıdır. Bir gün aktrisa Sara Qədimovanın qonağı olarkən telefon zəng çalır. Sara xanıma deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb.

Sara xanım Leylaya təklif edir ki, onu anasıgilə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görür və ürəyi gedir. Leyla Bədirbəyli çox savadlı və qabiliyyətli xanım olub.

Paltarlarının bəzilərini özü tikər, üzərinə iplə toxunmuş bəzəkli güllərdən naxış salarmış. Çox dadlı şirniyyatlar bişirməyi bacarırmış. Antik əşyalar, heykəllər satın almağı çox sevib.

Xırda heykəlciklərdən ibarət kolleksiyası olub. "Dəli Kür” filminin çəkilişləri zamanı Cahandar ağanın arvadı rolunu ifa edən Leyla Bədirbəyli Mələk rolunun ifaçısı aktrisa Zemfira Sadıqovaya şillə vurmalı idi. Lakin, heç kimin gözləmədiyi halda Leyla xanımın şilləsi çox güclü olur.

Zemfira xanım müsahibələrinin birində belə deyir:"Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. Əgər o məni elə möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı və başqa cür ifa edərdim". Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi.

Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Leyla Bədirbəyli uzun müddət Akademik Milli Dram teatrında aktrisa kimi fəaliyyət göstərib. Adil İskəndərov teatra rəhbərlik etdiyi dönəmlərdə ən yaxşı qadın obrazlarının bir çoxunu Leyla xanıma həvalə edirmiş.

Leyla xanımın həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir və Azərbaycana qayıdarkən Ukraynada ağır yol qəzasına düşərək vəfat edir. Bu hadisədən bir il sonra isə aktrisanın qızı Laləni Bakıda avtomobil vurur. O, isə 48 yaşında dünyasını dəyişir.

Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Yalnız 1999-cu ilin yanvarın 1-də Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Həmin ilin noyabrın 23-də 79 yaşında dünyasını dəyişən Xalq artisti Birinci Fəxri Xiyabanda dəfn olunub…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗