Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndində tikinti işlərinin birinci mərhələsinin açılışında iştirak ediblər. APA-nın məlumatına görə, bu mərhələdə 62,57 hektar sahədə 242 fərdi ev, məktəb, körpələr evi-uşaq bağçası, inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina inşa olunub.
Kənddə 264 şagird yerlik məktəb və 80 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. Evlər su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin edilib, kənddaxili yollar asfaltlanıb. Çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek və müxtəlif xidmət sahələri yerləşəcək.
Prezident və birinci xanım Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndinə köçən sakinlərlə də görüşüblər. İlham Əliyev bildirib ki, iki kəndə ümumilikdə 700-ə yaxın ailə qayıdır. Görüşdə sakinlərə evlərin açarları təqdim olunub.
Əsas mənbə: APA
