HEYDƏR ƏLİYEVİN PORTRETİNİ EFİRƏ VERDİYİNƏ GÖRƏ TƏQİBLƏRƏ MƏRUZ QALDI…

Şrift
🔊 Xəbəri dinlə — Babək
HEYDƏR ƏLİYEVİN PORTRETİNİ EFİRƏ VERDİYİNƏ GÖRƏ TƏQİBLƏRƏ MƏRUZ QALDI…
VETERAN VƏSİQƏSİ ALDI VƏ TELEVİZİYADAN AYRILDI…
Bu gün — 18 sentyabr 2026-cı ildə Azərbaycan televiziyasının ali dərəcəli rejissoru Əlimürsəl Hacızadənin 69 yaşı tamam olur və o, 70-ci yaşına qədəm qoyur.
Əlimürsəl Hacızadə 18 sentyabr 1957-ci ildə anadan olub. Onun ömrünün böyük bir hissəsi televiziya ilə, rejissorluqla, sənədləşən tarixlə və ekran yaddaşı ilə bağlıdır.
1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Müəllimi görkəmli rejissor Tofiq Kazımov olub.
1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor assistenti kimi əmək fəaliyyətinə başlayıb.
1984-cü ildə onun sənət yolunda mühüm səhifələrdən biri açılır. Əlimürsəl Hacızadə Baykal-Amur magistralının — BAM-ın tikintisinə ezam olunur. O illərdə Azərbaycanın müxtəlif bölgələrindən çoxsaylı insanlar BAM-ın tikintisində çalışırdı. Gənc Əli isə özü bu səfərə getmək istəyir.
O vaxt Gənclik redaksiyasının baş redaktoru Akif Məhərrəmov Əliyə bu şansı verir.
Cəmi 27 yaşı vardı. Şair Yusif Nəğməkar və operator Gennadi Pastuşkovla birlikdə 18 gün BAM-da çalışırlar. 16 millimetrlik kinolentlə çəkilişlər aparılır.
BAM-ın sərt qışına, Sibir soyuğuna, mənfi 50 dərəcəyə çatan şaxtaya baxmayaraq, gənc rejissor oradan böyük həyat və peşə təcrübəsi ilə qayıdır.
1986-cı ildə Azərbaycanda ilk hərbi televiziya verilişlərindən biri olan “Cənub sərhədlərinin keşiyində” proqramının məsul rejissoru olur.
1987-ci il isə Əlimürsəl Hacızadənin həyatında xüsusi iz buraxan hadisə ilə yadda qalır.
Kənd zəhmətkeşlərindən biri ilə müsahibə hazırlanır. Çəkilişlər zamanı Əlimürsəl Hacızadə Heydər Əliyevin divarda asılmış portretini operatora çəkməyi tapşırır. Operator portreti çəkir. Əlimürsəl Hacızadə isə həmin görüntünü rejissor kimi öz süjetinə daxil edir və efirə verir.
O, Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri, ölkənin quruculuğunda və inkişafında rolunu nəzərə alaraq, onun portretini efirə verməyi özünə mənəvi borc bilir.
Həmin vaxt Heydər Əliyev artıq tutduğu yüksək vəzifələrdən uzaqlaşmışdı. 1987-ci ilin oktyabrında Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa vermişdi.
Məhz belə bir vaxtda həmin görüntünün televiziya süjetində nümayiş etdirilməsi Əlimürsəl Hacızadəyə təzyiqlərlə nəticələnir. Ondan izahat tələb olunur, işdən uzaqlaşdırılması ilə hədələnir.
Ondan soruşurlar:
— Niyə belə etmisən?
Cavabı isə çox qısa olur:
— Əcəb eləmişəm.
Bu cavabın ardınca təzyiqlər davam edir. Amma o, verdiyi qərarın arxasında dayanır.
Bu məqam Əlimürsəl Hacızadənin xarakterinin əsl mənzərəsini, onun necə bir insan olduğunu bütün aydınlığı ilə ortaya qoyur.
1989-cu ildə Əlimürsəl Hacızadə Şuşa Televiziyasına könüllü gedən beş nəfərlik yaradıcı heyətin tərkibində yer alır.
Vertolyotla Şuşaya gedirlər. Əvvəlcə 15 gün qalmaq nəzərdə tutulsa da, bir ay orada çalışırlar.
Şuşa Televiziyasında canlı efirlər hazırlanır, çəkilişlər montajsız yayımlanırdı. Şuşa, Kərkicahan, Malıbəyli, Laçın və digər ərazilərdən materiallar hazırlanırdı.
Şuşa Televiziyasının fəaliyyəti 1990-cı ilin yanvar hadisələrinə qədər davam edir.
1990-cı ildə isə Əlimürsəl Hacızadənin yaradıcılıq yolunda “Yaddaş” proqramı meydana çıxır.
1991-ci ildən “Uşaq-Gənclik və Maarifçilik” redaksiyasının baş rejissoru kimi fəaliyyət göstərir.
1992-ci ildə müstəqil Azərbaycanın Azadlıq meydanında keçirilən ilk hərbi paradının televiziya çəkilişlərinə rəhbərlik edir.
1994-cü ildə “Yurd” mübadilə redaksiyasında baş rejissor kimi fəaliyyət göstərir.
1999–2006-cı illərdə Space televiziyasında çalışır. Bu dövrdə “Hərb və sülh”, “Bu şəhərdə”, “Şahidlər”, “Tam məxfi” kimi layihələrə, eləcə də doqquz seriyalı “SSRİ-nin süqutu” sənədli televiziya filminə rejissor kimi imza atır.
Əlimürsəl Hacızadə 10-a yaxın sənədli televiziya filminin rejissorudur.
2006–2018-ci illərdə Azərbaycan Televiziyasında hərbi-vətənpərvərlik istiqamətində fəaliyyətini davam etdirir. Bu illərdə Hərbi verilişlər redaksiyasına rəhbərlik edir, redaksiyanın baş redaktoru kimi fəaliyyət göstərir və “Azərbaycan Respublikasına xidmət edirəm” hərbi verilişinin məsul rejissoru olur.
2018-ci ildən Azərbaycan Televiziyasının tərkibində fəaliyyət göstərən Teleradio Akademiyasında çalışır. Burada uzun illər ərzində topladığı peşə təcrübəsini gənc rejissorlara ötürür.
Əli müəllim Kinematoqrafçılar İttifaqının üzvüdür.
Onun sənət yolunun bir tərəfi də insanlarla qurduğu münasibətlərdir. Mənim televiziyada və radioda müəllimim olan jurnalist, müəllif və aparıcı Cavanşir Cahangirovla Əli müəllim uzun illər bir yerdə çalışıb.
Cavanşir müəllim dünyasını dəyişəndə, onun 40 mərasiminə qədər “Ayrı Adam” adlı verilişi hazırladıq. Həmin ağır günlərdə Əli müəllim yanımda oldu, dəstəyini əsirgəmədi. Əməkdaşlığımızın daha da yaxınlaşmasında həmin günlərin xüsusi yeri oldu.
Sonralar birlikdə Azərbaycan Televiziyasının tərkibində fəaliyyət göstərən “İdman Azərbaycan” kanalında “Zərif güclülər”, “Mədəniyyət” kanalında isə “Həmin mən” və “Yenə efirdəsən” layihələri üzərində çalışdıq.
Əli müəllimdə mənim üçün ən qiymətli cəhətlərdən biri onun əxlaqıdır. Sakitdir, təmkinlidir, dəqiqdir. Özünü önə çıxarmağa ehtiyac duymur. İşinin arxasında dayanır. Tələbkardır, amma mərhəmətli və mehribandır.
Böyüklə böyük, kiçiklə kiçikdir, nəvələri ilə dostdur.
Bir oğlu, iki nəvəsi var.
Uzun illər televiziyaya xidmət etdikdən, daha sonra Teleradio Akademiyasında öz təcrübəsini gənc nəslə ötürdükdən sonra bu mərhələ də başa çatdı. Ardınca ona əmək veteranı vəsiqəsi verildi.
Beləliklə, ömrünün böyük bir hissəsini həsr etdiyi televiziyadan veteran vəsiqəsi ilə ayrıldı.
Amma bu gün Əli müəllim televiziyanın veteranı olsa da, artıq televiziyaya gedib-gəlmir, ondan tamamilə uzaqdır.
Bütün yaradıcılıq ömrünü Azərbaycan televiziyasına həsr etmiş, onilliklər boyu ekran tariximizə öz imzasını atmış bir sənətkarın şəxsi Facebook səhifəsində yazdığı, heç kimin adının çəkilmədiyi bir statusun belə nəticəyə gətirib çıxarması adamı düşündürür. Bir status insanın illərlə formalaşdırdığı sənət yolundan, peşəkarlığından, xidmətlərindən və qazandığı hörmətdən daha ağır ölçüyə çevrilməməlidir.
Bir daha qeyd edirəm:
Bu gün Əli müəllimin əlində əmək veteranı vəsiqəsi var. Amma televiziyanın veteranı olan bu böyük sənətkar televiziyanın özündən uzaqdır.
Mənim üçün Əli müəllim sadəcə birlikdə işlədiyim rejissor deyil. O, sənət yolunda öz izi, öz məktəbi və öz xarakteri olan insanlardan biridir.
Biz yenə də birlikdə yeni sənədli filmlər üzərində çalışırıq. Qarşıda hələ görəcəyimiz çox iş olduğuna inanıram.
Əli müəllim, 69 yaşınız və 70-ci yaşınıza qədəm qoymağınız mübarək!
Allah sizə möhkəm can sağlığı, uzun ömür və könül rahatlığı versin.
Yaxşı ki, sizi tanımışam. Yaxşı ki, yollarımız sənətdə kəsişib.
Allah ömür versin!

Vətənim Media Shorts

YouTube-da aç ↗