Vətənim Media xəbər verir ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində muzeylərin və irs məkanlarının dialoq üçün rolu mövzusunda panel keçirilib.
Asiya İncəsənəti üzrə Milli Muzeyin direktor müavini Nikol Dowd incəsənət müzakirələrinin və mədəniyyət festivallarının yeni səsləri muzeylərə cəlb etdiyini bildirib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Aminə Məlikova isə muzeylərin xalqların tarixi, fəlsəfəsi və mədəniyyətini tanımaq üçün əhəmiyyətini vurğulayıb. O, Azərbaycan xalçalarının əsrlərdir dünyanın müxtəlif ölkələrində yayıldığını və beynəlxalq hərraclarda nümayiş olunduğunu qeyd edib.
Beynəlxalq Muzeylər Şurasının vitse-prezidenti Nasir A. Darmaki icmalar, akademik dairələr və muzeylər arasında əməkdaşlığın vacibliyindən danışıb. Onun sözlərinə görə, muzeylər insanları öz töhfələrini verməyə və nümayiş olunan hekayələr barədə suallar səsləndirməyə təşviq etməlidir.
Əsas mənbə: APA
