Bəzi adamlar vəzifədən böyükdür…

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bəzi adamlar vəzifədən böyükdür…

İnsan haqqında yubiley yazısı yazmaq qəribə işdir. Adətən rəqəmlərdən başlayırlar: doğum tarixi, təhsil, vəzifələr, fəxri adlar, görülən işlər… Sonra bir neçə təbrik cümləsi vəssalam.

Amma bəzi adamların 60 yaşını yazanda adamın əlinə bioqrafiya yox, xatirələr gəlir. Rafiq Həşimov haqqında mənim də yazmaq istədiyim elə həmin xatirələrdir.

Mən Rafiq müəllimi uşaqlıqdan efirdən tanıyıram. Azərbaycan televiziyasının diktoru kimi izləmişəm. Amma onunla işləməyə başlayandan sonra Rafiq Həşimovu tamam başqa tərəfdən tanıdım: insan kimi, sənət adamı kimi, söz adamı kimi, əsl ziyalı kimi.

İnsanı vəzifəsi yox, münasibəti göstərir

Mən eyni vaxtda həm radio, həm televiziya ilə bağlı idim. Azərbaycan Radiosunda Rafiq müəllimin rəhbərliyi altında çalışdığım son dövr mənim üçün ən xoş, sakit və yaradıcılıq baxımından ən rahat dövrlərdən biri oldu. İşimi görürdüm, yazırdım, yaradırdım. Rafiq müəllim mənim zövqümə, işimə, yaradıcılığıma önəm verirdi. Məni ilk gündən sadəcə əməkdaş kimi deyil, qələm adamı, söz adamı kimi qəbul etmişdi.

Bu münasibətin qiymətini insan bəzən sonradan daha yaxşı anlayır.

Televiziyada isə mənim verilişim çox sevilirdi, reytinqlərdə ön sıralarda olurdu. Və qəribədir ki, bəzən yaxşı gedən işin qarşısına səbəbini özünün də bilmədiyi maneələr çıxırdı. Verilişlər dayandırılır, yenidən başlayır, sonra yenə başqa səbəblərlə qarşısı alınırdı.

Bunların təfərrüatını bu yazıya gətirmək istəmirəm. Çünki bu yazı Rafiq müəllimin yubiley yazısıdır və mən xüsusilə vurğulamaq istəyirəm: bunların heç birinin Rafiq Həşimovla əlaqəsi yoxdur.

Əksinə, mən Rafiq müəllimi ona görə bu qədər böyük hörmətlə xatırlayıram ki, həyatımın həmin çətin dönəmində o, məni necə insan kimi qarşılamışdısa, elə də insan kimi yola saldı — rəhbər kimi, şəxsiyyət kimi, ziyalı kimi.

Böyüklük bəzən sadəcə davranışdır

O zaman mənim haqqımda elə sözlər deyildi ki, insanın bunlara cavab verməyə belə həvəsi qalmır. Kiminsə övladının ölümünə sevindiyim kimi bir iddia ortaya atıldı. Mən həmin adam haqqında bu gün pis söz demək istəmirəm.

Allah köməyi olsun. Allah hidayət versin.

Bəlkə də insanın böyüklüyü elə ondadır ki, qarşısındakı insanın yaxşı tərəflərini görməyi öyrənsin. Heç olmasa Rafiq müəllim kimi böyüklərimizə baxsınlar.

Çünki Rafiq Həşimov təkcə diktor deyil. O, televiziyanın və radionun mətbəxindən gələn sənət adamıdır. Fəaliyyətinə montajçı kimi başlayıb, sonradan diktor, ssenarist, rejissor və müəllif kimi böyük yaradıcılıq yolu keçib. Efiri də bilir, montajı da, ssenarini də, rejissorluğu da, musiqini də, sözü də.

Sənətin həm görünən tərəfini, həm də mətbəxini bilir. Bəlkə də buna görə istedadı tanıyır və yaradıcı insanın zövqünə hörmət edir. Çünki mən radioda montajdan tutmuş aparıcılığa qədər verilişimdə hər zaman özüm çalışmışam.

Bir daha qeyd etmək istəyirəm ki, mənim üçün həmin dövr problemsiz, rahat və yaradıcılıqla məşğul olduğum bir zaman idi. Bəli, mən Rafiq müəllimi o zaman bir daha şəxsiyyət kimi tanıdım.

Bəzi adamlar vəzifədən böyükdür

Mənim dünyamda insanları vəzifəsi yox, tərbiyəsi və münasibəti fərqləndirir. Kişinin qadınla danışarkən qarşısındakı qadının yerini və dəyərini bilməsi, özünə sözün əsl mənasında çəki-düzən verməsi mənim üçün tərbiyənin göstəricisidir.

Rafiq müəllim mənim tanıdığım elə insanlardandır.

Ona görə düşünürəm ki, ömrümün sonuna qədər Rafiq müəllimə hörmətlə yanaşacağam. Çünki o, məni ilk gündə necə səmimiyyətlə qarşılamışdısa, son gündə də elə səmimiyyətlə yola saldı.

Mənim üçün onunla işləmək xoş idi. Çox xoş idi.

Və bu gün onun 60 illiyində haqqında yazarkən ən böyük təşəkkürüm də elə budur.

Bəzi adamlar vəzifə sahibi olurlar. Bəzi adamlar isə vəzifəsindən böyük görünürlər.

Rafiq müəllim mənim üçün ikinci adamlardandır.

60 yaşınız mübarək, Rafiq müəllim! Sizə möhkəm cansağlığı, uzun ömür və sözünüzə, sənətinizə yaraşan gözəl illər arzulayıram. Yolunuz açıq olsun.

Günay Novruz

Vətənim Media Shorts

YouTube-da aç ↗